Müğənnilik Azərbaycanın şou-biznes əhli üçün sənət, hobbi, yoxsa qazanc mənbəyidir? - SORĞU
Mədəniyyət · Azərbaycan paytaxtındakı Heydər Əliyev Sarayı sentyabrın sonunda istifadəyə veriləcək
· Müğənnilik Azərbaycanın şou-biznes əhli üçün sənət, hobbi, yoxsa qazanc mənbəyidir? - SORĞU
· Əbülfəs Qarayev: “Azərbaycanda kino şəbəkəsi iflic vəziyyətindədir”
· Əbülfəs Qarayev: “Fəaliyyətində qanun pozuntuları olan mədəniyyət ocaqlarında araşdırmalar aparırıq”
· Bakıda V “Dan ulduzu” beynəlxalq bədii yaradıcılıq festivalı keçiriləcək
· AMEA-nın Naxçıvan Bölməsində «Arxeologiya və Etnoqrafiya Muzeyi» yaradılır
Azərbaycan paytaxtındakı Heydər Əliyev Sarayı sentyabrın sonunda istifadəyə veriləcək
Heydər Əliyev Sarayı sentyabrın sonlarında istifadəyə veriləcək. Məlumata görə, bu barədə mədəniyyət və turizm Əbülfəs Qarayev bildirib.
Nazir uzun müddətdir, əsaslı təmirə dayanan sarayın binasında tamamlama işlərinin aparıldığını qeyd edib. Heydər Əliyev Sarayının müasir standartlara tam cavab verəcəyini açıqlayan Ə. Qarayev sarayda irimiqyaslı tədbirlərin keçilməsi və premyeraların təşkili üçün yüksək səviyyəli avadanlıqların quraşdırıldığını deyib.
Müğənnilik Azərbaycanın şou-biznes əhli üçün sənət, hobbi, yoxsa qazanc mənbəyidir? - SORĞU
Azərbaycanın şou-biznes nümayəndələrinin bu sənətlə məşğul olmalarında hansı məqsəd güdmələrini öyrənmək məqsədilə "APA" sorğu keçirib. Yerli şou-biznes nümayəndələrinə ünvanlanan “Müğənnilik sizin üçün sənət, hobbi, yoxsa qazanc mənbəyidir” sualına verilən cavabların nə qədər səmimi olmasını görmək isə oxucunun öhdəsinə düşür.
Sualı ilk olaraq daha çox qeyri-adi geyim tərzi, açıq-saçıq şəkilləri və videogörüntüləri ilə tanınan Sevda (Bagira) və Günelə (Pişik Günel) ünvanladıq. Nə qədər qəribə olsa da, Bagira nəinki müğənniliyə sənət kimi baxdığını, hətta bir az da uzağa gedərək qeyri-adi sənət nümayiş etdirdiyini iddia edib: “Mənim janrım xarici şou-biznesə yaxındır. Bu mahnıları başqa bir sənətçi ifa edə bilməz. Mən müğənniliyə 14 yaşımdan başlamışam, bununla bağlı xüsusi kurslara getmişəm, artıq 10 ilə yaxındır səhnədəyəm. Qaldı soyunmağa və açıq-saçıq şəkillər çəkdirməyə, indi bunu hansı sənətçi eləmir ki? Ancaq bu, qazanc üçün deyil. Mən bu gün toyda, şou-proqramda ifa etdiyim mahnı üçün 1000-1500 manat alıram. Deməli mən sənət nümayiş etdirirəm”.
“Pişik Günel” isə müğənniliyə əvvəlcə hobbi kimi baxdığını, əvvəllər bu hobbisindən pul qazanmaq məqsədi güddüyünü açıqlayıb: “Hobbi bir il olar, mən isə artıq beş ildir müğənnilik edirəm. Deməli, bu, artıq mənim sənətimdir. Əvvəllər sənətimə daha çox qazanc mənbəyi kimi baxırdım. İndi isə belə deyil, artıq toylara belə getmirəm. Çünki buna ehtiyacım yoxdur. Getdiyim yarım saatlıq məclislərdə isə 1500 manat alıram. Bəlkə sonra maddi durumum pisləşək, mən yenə də toylara getməyə başlayacağam, deyə bilmərəm”.
Müğənni Ruhi də müğənniliyə sənət kimi baxır: “Düzdür, özümü peşəkar müğənni hesab etmirəm. Ancaq sənətimdən heç vaxt qazanc mənbəyi kimi istifadə etməmişəm. Toylara da, şou-proqramlara da getmirəm”. Lalə Məmmədova isə hazırda məşğul olduğu sənətə heç bir ad verə bilmədiyini bildirib: “Əslində, buna necə ad verəcəyimi bilmirəm. Sadəcə, onu deyə bilərəm ki, oxumasam, ürəyim dayanar. Bu, sənətdən də yüksək bir şeydir. Mən oxumaqla nəfəs alıram. Bu mənim ürəyimin səsidir, mən ondan başqa cür istifadə edə bilmərəm”.
Rüfət Axundov suala “müğənnilik mənim üçün həm sənət, həm hobbi, həm də qazanc mənbəyidir” cavabını verib. “Şeron” qrupunun rəhbəri Rüstəm Zeynallı isə sənətlə məşğul olduqlarını deyib. Ancaq o, bu sənətdən başqa qazanc yolu olmadığını da etiraf edib. Xuraman Şuşalı, Ayaz Qasımov, Kərim də müğənniliyə birmənalı şəkildə sənət kimi baxdıqlarını bildiriblər. Onlar qazanclarının da məhz müğənnilikdən çıxdığını açıqlayıblar. Müğənni Elnarə isə müğənniliyə hobbi kimi baxdığını, qazancının da hobbisindən olduğunu söyləyib. Əlikram Bayramov da müğənniliyə sənət kimi yox, hobbi kimi baxdığını etiraf edib: “Müğənniliyə başqa cür baxmağım da mümkün deyil. Mənim sənətim “injiner”likdir. Ancaq qazancım müğənnilikdən çıxır. Düzdür, bu yolla varlanmaq çətindir, ancaq yaşamaq olar”.
Əməkdar artist Aygün Kazımova müğənniliyin sənəti olduğunu və bu yolla qazandığını deyib. Ədalət Şükürov onun üçün müğənniliyin əvvəllər hobbi olduğunu, sonradan isə sənətə çevrildiyini açıqlayıb: “Çox xoşbəxt insanam ki, sevimli işimlə məşğulam və bu iş birbaşa mənim sənətimlə bağlıdır. Eyni zamanda buradan pul da qazanıram. Sevilmədən görülən iş müqabilində nə qədər gəlir əldə etsən də, bu səni xoşbəxt etmir”. İradə İbrahimova da müğənniliyə sənəti kimi baxır: “Sənətimi daha da mükəmməlləşdirmək üçün Milli Konservatoriyaya daxil olmuşam. Bu gün mənim qazancım ancaq şou-proqramlardan və el şənliklərindən çıxır, başqa çıxış yolum yoxdur. Təəssüf ki, xarici ölkələrdəki kimi konsert verməklə və albom çıxarmaqla qazanc əldə etmək mümkün deyil”.
Əməkdar artist Brilliant Dadaşova isə müğənniliyə heç vaxt hobbi kimi baxmadığını vurğulayıb. “Sənətimdən başqa haradan qazana bilərəm ki” deyən müğənni, elə qazancının da müğənnilikdən olduğunu qeyd edib. “Hobbidən qətiyyən söhbət gedə bilməz” söyləyən Röya da həyatını müğənnilik etmədən təsəvvür etmir: “ Bu mənim həyatımdır, mən bu sənətsiz yaşaya bilmərəm. Sənətimdən qazandığımı gizlətmirəm. Ancaq bəzən hansısa layihəmə sərf etdiyim maliyyənin yarısını belə götürmürəm. Ona görə də bu sənətdən qazandığımı elə sənətimdə irəliləmək üçün sərf edirəm”.
Namiq Qaraçüxurlu isə “palatka toyları”na getməməklə meyxanaya sənət kimi hörmətini nümayiş etdirdiyini düşünür. Eyyub Yaqubov, Elza Seyidcahan, Rəqsanə üçün də müğənnilik bir sənətdir. Onların sözlərinə görə, müğənniliyə başlayanda buna hobbi və qazanc mənbəyi kimi yanaşmayıblar. “Müğənnilik mənim sənətimdir, başqa sözə ehtiyac yoxdur” deyən Abbas Bağırov isə bunu xalq mahnılarını ifa etməsi ilə sübut etdiyini bildirib. O, sənətini gəlir mənbəyi hesab etmədiyini də açıqlayıb. Xumar Qədimova isə çıxdığı hər bir səhnədə sənət nümayiş etdirdiyini vurğulayıb: “Hər halda mən sənət nümayiş etdirirəmsə, elə bunu sənətim adlandırsam, düzgün olar. Bu sənətdən başqa biznesim də var. Ona görə müğənnilik mənim üçün gəlir mənbəyi deyil, sənətdir”.
Bu sənətə ilkin olaraq bir hobbi kimi yanaşdığını vurğulayan əməkdar artist İlqar Muradov isə sonradan bunun sənəti olduğunu anlayıb: “Müğənnilik artıq həyatıma çevrilib. Təəssüf ki, bu sənətdən başqa gəlir mənbəyim yoxdur”. Uzun müddət ekranlardan uzaq olan və reklamsız qalan Mənzurə Musayeva isə bu sənətdən heç zaman qazanc mənbəyi kimi istifadə etmədiyini, bundan sonra da bu ənənəyə sadiq qalacağını vurğulayıb: “İndikilər kimi məni qazanc maraqlandırmayıb. İndikilər isə ancaq bunun üçün müğənniliyə gəlir. Hətta qardaşı, atası tutub əlindən gətirib atır səhnəyə ki, get pul qazan...”
Əməkdar artist Gülüstan Əliyevanın cavabı isə bir qədər fərqli olub: “Mən bu sənətə gəlmək üçün uzun bir yol keçmişəm, bu sənətdə peşəkarlıq səviyyəsinə yüksəlmişəm. İndi hər əri boşanan, iş tapmayan müğənniliyə üz tutur. Onların pul qazanmaqdan başqa məqsədi yoxdur. Özümü şou-biznesdə hesab etmirəm, çünki şou-biznesdəkilərin əsas məqsədi qazanmaqdır. Mən isə xalq qarşısında sənət nümayiş etdirirəm”. Azərin də müğənniliyə hobbi və qazanc mənbəyi kimi baxmadığını çoxlarına məlum olduğunu söyləyib: “Mənim əsas məqsədim sənət nümayiş etdirməkdir. Qazancım da bu sənətdəndir, ancaq tam sənət nümayiş etdirərək qazanıram. Yeni müğənniliyə başlayanların 60 faizi isə məhz gəlir əldə etmək üçün bu yolu seçirlər”.
Azərbaycanın xalq artisti Flora Kərimovanın cavabı isə daha çox gənclərə məsləhət xarakterli olub: “Çox təəssüflər olsun ki, bu gün müğənniliyə üz tutanlar ancaq gəlir qazanmaq məqsədilə bunu edirlər. Bəzən isə gəlir mənbəyinin yollarını çaşdırır, özlərini hər barədə nüfuzdan salmaq yolunu seçirlər. Yəni itirdikləri qazandıqlarından qat-qat çox olur. Görünür, cavanlıqlarına arxayındırlar, gələcəklərini düşünmürlər”.
Əbülfəs Qarayev: “Azərbaycanda kino şəbəkəsi iflic vəziyyətindədir”
“Bu gün Azərbaycanda kino şəbəkəsi iflic vəziyyətindədir. Kinomuzun inkişaf etməsi üçün dayanmadan çalışılmalı və islahatlar həyata keçirilməlidir”. Məlumata görə, bu açıqlamanı jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev verib. Nazir respublikada kino sahəsi ilə bağlı olan mədəniyyət ocaqlarının müasir standartlara cavab verəcək formada olmasını bu sahənin inkişafı üçün əsas istiqamətlərdən olduğunu vurğulayıb: “Yaxin vaxlarda Dövlət Film Fondunun yeni binası istifadəyə veriləcək. Orada ən müasir formada tarixi əhəmiyyəti olan filmlər, kino istehsalatı ilə bağlı olan əşyalar, kitablar və lentlərin saxlanılması mümkün olacaq. Bu da tarixi irsimizin və mənəviyyatımızın qorunub-saxlanılmasında mühüm rol oyanacaq”. Ə. Qarayev eləcə də, “Nizami” kinoteatrının əsaslı təmiri üçün tenderin elan olunduğunu bildirib.
Əbülfəs Qarayev: “Fəaliyyətində qanun pozuntuları olan mədəniyyət ocaqlarında araşdırmalar aparırıq”
“Təəssüflər olsun ki, iki il müddətində mədəniyyət ocaqlarının fəaliyyəti ilə bağlı istədiyim nəticəni ala bilmədim. Bu gün mənə bir sıra mədəniyyət ocaqlarının fəaliyyətlərində qanun pozuntularının olması barədə məlumatlar verilir. Əlbəttə ki, fəaliyyətində qanun potzuntuları olan mədəniyyət ocaqlarında araşdırmalar aparırıq və bu araşdırmalar yaxın vaxtlarda nəticəsi olacaq”. Məlumata görə, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi nazirlikdə bu gün keçirilən kollegiya iclasındakı çıxışında deyib. Nazir bildirib ki, bu kollegiya iclası dövlət başçısı İlham Əliyevin sədrliyi ilə avqustun 5-də Nazirlər Kabinetində 2008-ci ilin birinci yarısınını sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasdakı nitqindən irəli gələn məsələlərlə bağlı Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin qarşısında duran vəzifələrə həsr olunub. Nazir deyib ki, dövlət başçısının tapşırığına əsasən bütün mədəniyyət ocaqları müasir standartlara cavab verməli, mədəniyyət ocaqlarında çalışanların fəaliyyəti təkmilləşdirilməli, iflic vəziyyətdə olan kino şəbəkəsinin inkişafı üçün dayanmadan işlər aparılmalıdır.
Nazir bu günlərdə Mədəniyyət İşçilərinin Respublika Hazırlıq və İxtisaslaşdırma Mərkəzinin direktorunun öz işindən istefa verdiyini və mərkəzin rəhbəri vəzifəsinə Ramazan Şabanovun təyin olunduğunu da qeyd edib.
Bakıda V “Dan ulduzu” beynəlxalq bədii yaradıcılıq festivalı keçiriləcək
Sentyabrın 7-12-də Bakıda uşaq və gənclərin V “Dan ulduzu” beynəlxalq bədii yaradıcılıq festivalı keçiriləcək. Məlumata görə, bu gün festivala həsr olunan mətbuat konfransı keçirilib. Tədbirdə çıxış edən “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyinin rəhbəri Gülarə Teymurova festivalda Azərbaycanla yanaşı, Ukrayna, Polşa, Rusiya, Gürcüstan, Qazaxıstan və Türkiyədən uşaq evləri və internat məktəblərində tərbiyə alan, imkanları məhdud olan istedadlı uşaqların iştirak edəcəyini bildirib. “Dan Ulduzu” festivalı çərçivəsində uşaqların Azərbaycan Respublikasının Milli Məclisində deputatlarla görüşü keçiriləcək, konsertlərdə, əl işlərindən ibərət sərgilərdə, müsabiqələrdə, idman yarışlarında və s. iştirakları təşkil olunacaq.
AMEA-nın Naxçıvan Bölməsində «Arxeologiya və Etnoqrafiya Muzeyi» yaradılır
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin nəzdində «Arxeologiya və Etnoqrafiya muzeyi» yaradılır. Bölmənin informasiya şöbəsinin əməkdaşı Türkanə Bəylərlinin yerli bürosuna verdiyi məlumata görə, muzeyin yaradılmasında məqsəd Naxçıvanın qədim tarixini təbliğ etməkdir. Muzeyin ekspozisiyasında bölgənin müxtəlif ərazilərindən qədim yaşayış yerlərində ayrı-ayrı vaxtlarda aparılan arxeoloji qazıntılar nəticəsində əldə edilən maddi-mədəniyyət nümunələri nümayiş etdiriləcək.
Bu məlumatlar Azəri-Press Agentliyinindir (APA)
















