İsa Qəmbər: “Yeni əməkdaşlıq mərkəzinin yaranmasına baxmayaraq, “Dördlər” formatının saxlanmasında maraqlıyıq”
· Prezident Vatikanın ölkəmizdəki nunsisini qəbul edib
· Azərbaycan prezidenti Macarıstan Milli Assambleyanın sədrini qəbul edib
· Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 7-də Rusiyaya səfər edəcək
· Tərəflər Xəzərin statusuna dair xüsusi işçi qrupunun Bakıda keçirilmiş 23-cü iclasının nəticələrini müsbət qiymətləndiriblər
· Azərbaycan Milli Məclisin sədri Macarıstan Milli Assdambleyasının sədri ilə görüşüb
· Türkiyədəki Azərbaycan diasporları Abdullah Gülün Ermənistana səfərinə etiraz edirlər
· BMT-nin baş katibi Beynəlxalq Savadlılıq Günü ilə bağlı müraciət yayıb
· Demokratiya Uğrunda İttifaq müxalifətin yeni əməkdaşlıq mərkəzinin yaradılmasını parçalanma kimi dəyərləndirib
· Lalə Şövkət: “Müxalifətdə yeni qüvvələrin meydana çıxması barədə fikirlər ciddi deyil”
· İsa Qəmbər: “Yeni əməkdaşlıq mərkəzinin yaranmasına baxmayaraq, “Dördlər” formatının saxlanmasında maraqlıyıq”
· Qulamhüseyn Əlibəyli imza vərəqələrini MSK-ya təqdim edibPrezident Vatikanın ölkəmizdəki nunsisini qəbul edib
Prezident İlham Əliyev Vatikanın ölkəmizdəki nunsisi Klaudio Qucerottini qəbul edib. Xəbərə görə, görüşdə Azərbaycanla Vatikan arasında əlaqələrin səviyyəsindən məmnunluq ifadə olunub, ölkəmizdə bütün dinlərin, o cümlədən katolik icması nümayəndələrinin sərbəst fəaliyyəti üçün hər cür şəraitin yaradıldığı vurğulanıb.
Azərbaycan prezidenti Macarıstan Milli Assambleyanın sədrini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 5-də Macarıstan parlamentinin - Milli Assambleyanın sədri, xanım Katalin Silinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən daxil olan məlumata görə, dövlət başçısı Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib. Ölkələr arasında tərəfdaşlığın səviyyəsindən məmnunluğunu vurğulayan prezident parlamentlərarası əməkdaşlıq üçün də böyük potensialın olduğunu deyib.
Öz növbəsində xanım K. Sili iki ölkə arasında əməkdaşlığın genişləndiyini, parlamentlərarası əlaqələrin daha da möhkəmləndirilməsi baxımından bu səfərin əhəmiyyətli olacağını qeyd edib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 7-də Rusiyaya səfər edəcək
Xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 7-də Rusiyaya səfər edəcək.
XİN mətbuat xidmətindən verilən məlumata görə, səfər Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovun dəvəti əsasında gerçəkləşəcək. Elmar Məmmədyarov və Sergey Lavrov regionda gedən son proseslər və Türkiyənin təklif etdiyi Qafqaz Təhlükəsizlik və Əməkdaşlıq Platforması ətrafında fikir mübadiləsi aparacaqlar.
Tərəflər Xəzərin statusuna dair xüsusi işçi qrupunun Bakıda keçirilmiş 23-cü iclasının nəticələrini müsbət qiymətləndiriblər
Onun sözlərinə görə, tərəflər bir çox məsələlər ətrafında hərtərəfli müzakirələr aparıb və danışıqlar prosesində müəyyən irəliləyişlər əldə olunub. Xələf Xələfov qeyd edib ki, tərəflər danışıqların davamı üçün əsasları razılaşdırmağa müvəffəq olublar: “Biz Tehran sammitində çıxarılmış qərara uyğun olaraq sahilyanı ölkələrin sərhəd, gömrük xidməti və daxili işlər orqanlarının qarşılıqlı fəaliyyətinin tənzimlənməsinə dair saziş layihəsini tərəflərə təqdim etdik. Hazırda sahilyanı ölkələrin bu layihə ilə bağlı rəylərini təqdim etməsini gözləyirik”. Qazaxıstan xarici işlər nazirinin müavini Nurlan Ermekbayev də çıxışında tərəflərin müəyyən məsələlərlə bağlı ortaq mövqeyə gəldiklərini bildirib. İran nümayəndəsi Məcid Sabir qeyd edib ki, Xəzəryanı ölkələrin həll edə bilməyəcəyi problem yoxdur. Rusiyanın xüsusi tapşırıqlar üzrə səfiri Aleksandr Qolovinin sözlərinə görə, bu danışıqlar raundunda daha çox nəticə əldə olunub: “Təbii ki, bu məsələdə Azərbaycan tərəfin xidməti çox böyükdür”. Türkmənistan xarici işlər nazirinin müavini Xoşgəldi Babayev qeyd edib ki, heç də hər görüş müsbət nəticə vermir: “Lakin Bakıda keçirilən görüşü uğurlu hesab etmək olar”. Mətbuat konfransının sonunda çıxış edən Xələf Xələfov sentyabrın 9-10-da Bakıda keçiriləcək Azərbaycan-Türkmənistan enerji konfransında bütün sahilyanı ölkələrin və tərəfdaş ölkələrin nümayəndələrinin dəvət olunduğunu bildirib. Qeyd edək ki, Xəzərin statusuna dair xüsusi işçi qrupunun növbəti iclası Astanada keçiriləcək.
Azərbaycan Milli Məclisin sədri Macarıstan Milli Assdambleyasının sədri ilə görüşüb
Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Macarıstan Milli Assambleyasının sədri, xanım Katalin Szilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Parlamentin mətbuat xidmətindən daxil olan məlumata görə, O. Əsədov görüşdə Macarıstanla iqtisadi sahədə əməkdaşlığın mövcud potensialı əks etdirməməsindən təəssüfləndiyini deyib: “Ərzaq və əczaçılıq sənayesi, turizm, nəqliyyat sahələrində əməkdaşlıq üçün geniş imkanlar vardır”.
Spiker regional münaqişələrdən söz açaraq, Dağlıq Qarabağ probleminin təkcə Azərbaycanın deyil, bütövlükdə regionun inkişafına böyük maneə olduğunu vurğulayıb: “Beynəlxalq qurumlar və dünya birliyi bu cür həssas məsələlərdə ardıcıl olmalı və prinsipial mövqe göstərməlidir. Cənubi Qafqazda son dövrdə baş vermiş hadisələr bölgədəki bu münaqişələrin həm də Avropa üçün böyük təhlükə olduğunu bir daha təsdiqlədi. Biz belə münaqişələrin ölkələrin ərazi bütövlüyü prinsipi əsasında, beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdarıq və bu məsələdə Macarıstanın dəstəyinə ümid edirik”.
O. Əsədov ölkələr arasında əlaqələrin inkişafında parlamentlərin rolunun böyük olduğunu, Milli Məclisdə Macarıstanla əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərdiyini deyib.
Macarıstan parlamentinin spikeri öz növbəsində parlamentlərin müvafiq komissiyaları arasında birbaşa əlaqələrin yaradılmasının iqtisadi, humanitar, mədəni sahələrdə əlaqələrin dərinləşməsinə müsbət təsir göstərdiyini bildirib. Qonaq informasiya və təcrübə mübadiləsi baxımından parlament nümayəndə heyətlərinin səfərlərinə böyük önəm verdiyini vurğulayıb.
Türkiyədəki Azərbaycan diasporları Abdullah Gülün Ermənistana səfərinə etiraz edirlər
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bəyanatda idmanın dünya dövlətləri və xalqları arasında dostluğun möhkəmlənməsinə verdiyi tövhələrin danılmaz olduğu bildirilir: “Bu baxımdan idman yeni dünya düzənində ümümbəşəri dəyərə çevrilib. Bu reallıqla razılaşan qurum olaraq TADF Türkiyə və Ermənistan futbol komandalarının Yerevanda keçiriləcək oyununa heç bir etiraz bildirmir. Lakin TADF hesab edir ki, hər hansı ümumbəşəri dəyər Türkiyənin bölünməzliyindən üstün ola bilməz. Az qala hər gün Şərqi Anadolunun qərbi Ermənistan torpağı olduğunu dünyaya car çəkən ermənilər tanımadıqları sərhədlərimizi açmağı bizdən tələb də bilməzlər. Ağrıdağı Ararat adlandıraraq onu dövlət gerbində əks etdirən, ata-babalarımızı “soyqırım” törətməkdə təqsirləndirən, qardaş Azərbaycanın ərazisinin 20 faizini işğal edən, soydaşlarımıza qarşı qətliam törədən, Qarabağda “qondarma” dövlət yaradan ermənilər “ümümbəşəri dəyər” arxasında gizlənib bizi dostluğa dəvət edə bilməzlər”. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının yaydığı bəyanatda qeyd olunur ki, Ermənistan rəhbərliyinin Türkiyə prezidentini İrəvana dəvət etməsi Azərbaycanı təkləmək və Qafqazdakı mövcud böhrandan “güclü Ermənistan” naminə yararlanmaq məqsədi daşıyır: “Biz ictimaiyyətin önəmli bir təbəqəsi olaraq bu “matç izləmə dəvəti”nin ölkəmizin ali mənafelərinə uyğun olmadığını düşünürük”.
BMT-nin baş katibi Beynəlxalq Savadlılıq Günü ilə bağlı müraciət yayıb
“Yetkinlik yaşına çatan hər beş insandan biri, ümumilikdə 774 milyon insan savadsızdır”. Bu barədə BMT-nin baş katibi Pan Ki Mun 8 Sentyabr Beynəlxalq Savadlılıq Günü ilə bağlı yaydığı müraciətdə bildirilib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, bu ilki Beynəlxalq Savadlılıq Gününün mövzusu “Savadlılıq və sağlamlıq” müəyyən edilib. Müraciətdə qeyd olunub ki, dünyada 75 milyon uşaq məktəbə getmir və milyonlarla gənc cəmiyyətin həyatında fəal və məhsuldar iştirakı üçün lazımi savadlılıq dərəcəsini əldə etmədən məktəbi tərk edir: “Savadsızlıq insanın sağlamlığı üzərində birbaşa təsirə malikdir. Savadsız insan hətta dərman preparatları üzərindəki təlimatı oxumağa da qadir deyil. Bu o deməkdir ki, insanlar QİÇS, malyariya, həmçinin dünya ictimaiyyətini narahat edən digər səhiyyə məsələləri haqqında daha az biliyə malik olurlar. Savadlılığı artırmaq üçün yaxşı işlənib hazırlanmış siyasətə və bu sahəyə olan sərmayənin artırılmasının mühüm rolu var. Savadlılıq ana sağlamlığını və QİÇS, malyariyaya qarşı mübarizə vəzifələrini müəyyən edən Minilliyin İnkişaf Məqsədlərinə nail olunması, o cümlədən qlobal miqyasda mühüm səhiyyə məsələləri baxımından çox vacib əhəmiyyət kəsb edir”. Baş katib bu il Beynəlxalq Savadlılıq Günündə, hökumətləri, BMT ailəsini, donor və vətəndaş cəmiyyətlərini bu vəzifəni daha cəsarətlə yerinə yetirməyə çağırıb.
Demokratiya Uğrunda İttifaq müxalifətin yeni əməkdaşlıq mərkəzinin yaradılmasını parçalanma kimi dəyərləndirib
Demokratiya Uğrunda İttifaq (DUİ) müxalifət düşərgəsindəki son proseslərlə bağlı bəyanat verib. DUİ-dən verilən məlumata görə, bəyanatda müxalifətin yeni əməkdaşlıq mərkəzinin bu formatda yaradılması parçalanma kimi dəyərləndirilib: “Müxalif bir sıra qüvvələrinin bu cür qeyri-konstruktiv reallığa söykənməyən mövqeyi müxalifəti prezident seçkilərindən kənarda qoydu. Bu, Azərbaycana təsir imkanları arayan mərkəzlərin işinə yaramaqdan başqa bir şey deyil”. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu APA-ya bildirib ki, müxalifətin yeni əməkdaşlıq mərkəzinin bu formatda yaradılmasını doğru hesab etməyib: “Bu tərkib yetərli deyil və cəmiyyətdə də, “bu insanlar həmin işləri görməlidir” qənaətini bölüşənlər azdır”.
Lalə Şövkət: “Müxalifətdə yeni qüvvələrin meydana çıxması barədə fikirlər ciddi deyil”
“Son vaxtlar müxalifətin yeniləşməsi, yeni qüvvələrin ortaya çıxması ilə bağlı fikirlər səslənir. Bu fikirləri ciddi və düşünülmüş fikir hesab etmirəm”. Məlumata görə, bu fikirləri Milli Birlik Hərəkatının lideri Lalə Şövkət deyib. Onun sözlərinə görə, yeni qüvvələrin ortaya çıxması süni şəkildə baş verməməlidir: “İndi meydan boşdur. Biz seçkiyə qatılmırıq və meydan tamamilə boş qalıb. Həmin o yeni qüvvələr gəlsinlər, ortaya çıxsınlar, özlərini göstərsinlər. Biz həmin yeni qüvvələri dəvət edirik, hamımız onlara dəstək verməyə hazırıq. Amma bu gün evində rahat oturan, öz karyerasından imtina etməyən, döyülməyən, həbs olunmayan şəxslərin durub böyük-böyük “müxalifətin getmək vaxtıdır” deməsi qeyri-ciddilikdir”.
İsa Qəmbər: “Yeni əməkdaşlıq mərkəzinin yaranmasına baxmayaraq, “Dördlər” formatının saxlanmasında maraqlıyıq”
“Müxalifətin yeni əməkdaşlıq mərkəzinin yaranmasına baxmayaraq, biz “dördlər” formatının saxlanmasında maraqlıyıq”. Məlumata görə, bunu “dördlər”də təmsil olunan Müsavat Partiyasının başqanı İsa Qəmbər deyib. Onun sözlərinə görə, “dördlər” rəsmi bir qurum deyil, sadəcə məsləhətləşmə mərkəzidir: “Məsləhətləşmə də dünyada ən az ziyanlı ola biləcək bir məsələdir. Əgər dördlərdə təmsil olunan ADP və AMİP də bu formatın davam etdirilməsində maraqlı olacaqlarsa, biz formatın saxlanmasında bir problem görmürük”. Qeyd edək ki, “dördlər” formatında Müsavat Partiyası, ADP, AMİP və “Azərbaycan Naminə” İctimai Forum təmsil olunur.
Qulamhüseyn Əlibəyli imza vərəqələrini MSK-ya təqdim edib
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin keçmiş sədri Qulamhüseyn Əlibəyli prezidentliyə namizədliyinin qeydə alınması üçün tələb olunan imzaları bu gün Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib. Bu barədə Q. Əlibəyli məlumat verib.
Onun sözlərinə görə, imzatoplama kampaniyasında təxminən 44 min imza toplanıb. Lakin bunun 2 minə yaxını seçki qərargahı tərəfindən etibarsız sayılıb və vərəqələrdən çıxarılıb. Q. Əlibəyli MSK-ya 42 min imzanın təqdim olunduğunu qeyd edib.












