Hans-Yurgen Gede: “Neftçi”yə uğur qazandıracağıma söz verirəm”
· Hans-Yurgen Gede: “Neftçi”yə uğur qazandıracağıma söz verirəm”
· Branimir Subaşiç: “Uels yığmasını cəzalandıracağam”
· 44 yaşlı uelsli futbolçu Azərbaycan yığmasına qarşı oynamaq istəyir
· Serj Sərkisyan Ermənistan yığmasının üzvlərilə görüşdü· Maradona: “FİFA prezidenti quldur”
· Teymur Rəcəbov uç oyundur qələbə qazana bilmir
Hans-Yurgen Gede: “Neftçi”yə uğur qazandıracağıma söz verirəm”
Bu gün “Neftçi” futbol klubunun almaniyalı yeni baş məşqçisi Hans-Yurgen Gede ilə hollandiyalı köməkçisi Rob Reekersin təqdimetmə mərasimi olub. Məlumata görə, klubun vitse-prezidenti İlqar Quluzadə 52 yaşlı almaniyalı mütəxəssislə rəsmi müqavilə imzaladıqdan sonra ona və köməkçisinə “Neftçi”nin şərfini bağışlayıb.
Mərasimə 15 dəqiqə gecikən H.J.Gede buna görə media nümayəndələrindən üzr istəyib: “Bu, bir daha təkrar olunmayacaq. Bundan sonra həmişə işimizdə dəqiq olmağa çalışacağıq. “Neftçi”nin böyük tarixi var və belə klubda işləyəcəyimə görə özümü xoşbəxt sayıram. Çox şadam ki, Azərbaycanda bir nömrəli komandanın baş məşqçisi kimi çalışacağam”. “Neftçi”dən İran yığması ilə yoldaşlıq görüşündən sonra dəvət aldığını deyən H.Y.Gedenin sözlərinə görə, bu məsələni milli komandamızda köməkçisi olduğu həmyerlisi Berti Foqts və müqavilə imzaladığı AFFA rəhbərliyi ilə müzakirə edib: “İrandan qayıtdıqdan sonra “Neftçi”nin baş məşqçi axtardığından xəbər tutdum. “Neftçi”nin bir sıra oyunçuları Azərbaycan yığmasına cəlb olduğundan onlarla daha yaxından tanış olmaq imkanı qazanmışam. Komandanın böyük potensialı, yaxşı heyəti var. Əsas vəzifəmiz komandanı zirvələri daşımaq, böyük uğurlara imza atmaqdır”.
Branimir Subaşiç: “Uels yığmasını cəzalandıracağam”
“Britaniyalılar adətən “ikinci mərtəbə”də yaxşı oynayırlar”
“Uels yığmasını cəzalandıracağam. Kardiffdə qol vuracağıma inanıram. Təbii ki, bunun üçün ilk növbədə komanda yoldaşlarım mənə düzgün ötürmə verməlidirlər”.
Bu sözləri açıqlamasında Azərbaycan yığmasının futbolçusu Branimir Subaşiç deyib. Serbiyalı hücumçu bildirib ki, milli komandamız sabah dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Uelsə qarşı səfər matçında qənaətbəxş nəticəyə nail ola bilər. Yığmamızın digər “milliləşdirilmiş” üzvü Leandro Qomeş də qarşıdakı oyunla bağlı nikbin danışıb: “Əlverişli imkanlardan yararlanmaq lazımdır. Yalnız bu halda istəyimizə çata bilərik. Uelsə qalib gəlmək üçün sonadək mübarizə aparacağıq. İnanıram ki, seçmə mərhələnin ilk turunda xal qazana biləcəyik”. Milli komandamızın kapitanı Rəşad Sadıqov isə Uelslə oyunu tarixi görüş adlandırıb. 26 yaşlı müdafiəçi vurğulayıb ki, rəqibin xüsusilə standartlar vəziyyətdən fərqlənməsinə imkan vermək olmaz: “Britaniyalılar adətən “ikinci mərtəbə”də yaxşı oynayırlar. Standart vəziyyətlər zamanı ikiqat diqqətlə olmağımız vacibdir. Əks təqdirdə, Vətənə sərfəli nəticə ilə dönmək istəyimiz baş tutmayacaq”.
Qeyd edək ki, Uels - Azərbaycan görüşü sabah Kardiffin “Millenium” stadionunda Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.
44 yaşlı uelsli futbolçu Azərbaycan yığmasına qarşı oynamaq istəyir
Türkiyənin “Qalatasaray” klubunun sabiq futbolçusu Din Saunders sabah Uels - Azərbaycan oyununda meydana çıxmaq həvəsinə düşüb. Məlumata görə, 1995/96 mövsümündə İstanbul təmsilçisinin heyətində 27 oyuna 15 qol vuran D. Saunders Azərbaycan yığmasına qarşı matçda komandasına hər cür kömək etməyə hazır olduğunu söyləyib.
Vaxtilə “Benfika”, “Liverpul”, “Aston Villa” kimi klublarda çıxış edən 44 yaşlı sabiq hücumçu hazırda Uels millisinin baş məşqçisi Con Toşakın birinci köməkçisidir: “Cona dedim ki, zədəlilərə görə narahat olma, butslarım yanımdadır. Lazım gələrsə, özüm meydana çıxaram. Kifayət qədər yoldaşlıq oyunu keçirib hazırlaşmışıq. Artıq yüksəliş üçün əlimizdən gələni edə bilərik. Əhval ruhiyyəmiz müsbətdir. Seçmə mərhələnin yarısında nəyə iddia etdiyimizi hamı görəcək. Qrupumuzda Almaniya, Rusiya ilə yanaşı, biz də favoritik. Lakin bunu təsdiqləmək üçün səviyyəsi bizə yaxın olan rəqiblərlə oyunlarda xal itirməməliyik”.
Qeyd edək ki, 15 il Uels millisində çıxış edən D.Saunders 75 qarşılaşmada 22 qol vurub.
Serj Sərkisyan Ermənistan yığmasının üzvlərilə görüşdü
Ermənistan prezidenti Serj Sərkisyan ölkə yığmasının İrəvandakı “Razdan” stadionunda keçirdiyi məşqi izləyib. Məlumata görə, S.Sərkisyan sabah Türkiyə millisi ilə 2010-cu il dünya çempionatının seçmə matçına üz-üzə gələcək Ermənistan yığmasının futbolçuları ilə söhbət edib. Onu ölkənin gənclər və idman naziri Armen Qriqoryanla Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan müşayiət edib.
Qeyd edək ki, eyni arenada Bakı vaxtı ilə saat 21:00-da başlanacaq qarşılaşmanı S.Sərkisyan türkiyəli həmkarı Abdulla Güllə birgə izləyəcək.
Maradona: “FİFA prezidenti quldur”
FİFA prezidenti Zepp Blatter əfsanəvi futbolçu Dieqo Maradonanın qəzəbinə tuş gəlib. Məlumata görə, ali qurumun rəhbəri hazırda klubların oyunçuları istədikləri qiymətə alıb-satmaqla qula çevirdiklərini söyləyib. Argentinalı veteran isə bildirib ki, qul elə Z.Blatterin özüdür: “Blatter bizə xidmət etmək üçün FİFA prezidenti kürsüsündə əyləşib. O, bizim qulumuzdur. Çünki biz onsuz da futbol oynaya bilərik. Amma Blatter bizsiz heç kimdir. O, heç topa necə zərbə endirməyi də bilmir”.
Teymur Rəcəbov uç oyundur qələbə qazana bilmir
Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın Bilbao şəhərində keçirilən “Böyük dəbilqə” superturnirində qələbə üzünə həsrət qalıb. Məlumata görə, 21 yaşlı beynəlxalq qrossmeyster ardıcıl üçüncü görüşü də heç-heçə başa vurub. Ağ fiqurlarla oynayan təmsilçimiz Vasili İvançukun (Ukrayna) müqavimətini qıra bilməyib və tərəflər hərəyə 1 xalla kifayətləniblər. Levon Aronyanla (Ermənistan) dünya çempionu Vişvanatan Anandın (Hindistan) görüşündə də qalib müəyyənləşməyib. Yalnız Veselin Topalov (Bolqarıstan) bu turadək məğlubiyyət acısı dadmayan Maqnus Karlseni (Norveç) üstələməyi bacarıb. Qələbə nəticəsində xallarının sayını 5-ə çatdıran V. Topalov liderliyi ələ keçirib. Onu xal ehtiyatını artıra bilməyən M. Karlsen (4 xal) izləyir. T. Rəcəbov, V. Anand və V. İvançukun hesabında 3 xal var. L. Aronyan (2 xal) isə hələ də sonuncu pillədə yer alıb. Bu gün IV tur çərçivəsində M. Karlsen - T. Rəcəbov, L.Aronyan - V. İvançuk və V. Topalov - V. Anand görüşləri keçiriləcək.
Sentyabrın 13-də başa çatacaq “Böyük dəbilqə” superturnirinin mükafat fondu 400 min avroya bərabərdir.
Bu xəbərlər “APA-Sport” agentliyinindir













