“Əbu Bəkr”in yerləşdiyi küçənin sakinləri məscidin birdəfəlik bağlanması xahişi ilə ölkə rəhbərliyinə müraciət edəcəklər və Məhkəmə-Hüquq Şurası 1 məhkəmə sədrini və 2 hakimi cəzalandırıb
· Azərbaycan prezidenti bir sıra dövlət qurumlarında çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb
· “Əbu Bəkr”in yerləşdiyi küçənin sakinləri məscidin birdəfəlik bağlanması xahişi ilə ölkə rəhbərliyinə müraciət edəcəklər
· Şəkidə intihar hadisəsi baş verib
· Məhkəmə-Hüquq Şurası 1 məhkəmə sədrini və 2 hakimi cəzalandırıb
· AVCİYA rəhbərliyi Avropa Şurasının Azərbaycandakı Ofisində görüş keçirib
· Azərbaycanda polislər üçün treninq keçiriləcək
· Azərbaycanda Təhlükəli Tullantıların İdarə Olunması üzrə Milli Mərkəzin infrastrukturunun genişləndirilməsinə dair tender keçirilir
· “British-Consıl intensiv elm” layihəsinin birinci fazası yekunlaşıb
· Azərbaycanda məişət tullantılarının utilizasiyası üçün regional poliqon tikiləcək
Azərbaycan prezidenti bir sıra dövlət qurumlarında çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşlarının artırılması haqqında sərəncam imzalayıb. Bu barədə Prezidentin mətbuat xidmətindən məlumat verilib. Sərəncama əsasən, qeyd olunan qurumlarda işçilərin aylıq vəzifə maaşları orta hesabla 25 faiz artırılıb. Sərəncam Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin aparatı, Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası, Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc), “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının İşçi Qrupu, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin idarə aparatı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi, Milli Kulinariya Mərkəzi, tabeliyində olan Dövlət Film Fondu və onun Naxçıvan filialı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Aqrar Elm Mərkəzinin aparatı, Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində İnformasiya Mərkəzi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzləri, təlim-tədris mərkəzi və poliklinikası, Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri və icra hakimiyyəti orqanlarının nəzdində mərkəzləşdirilmiş mühasibatlıqların işçilərinə şamil edilib. Nazirlər Kabineti bu təşkilatlarda çalışan işçilərin vəzifə maaşlarının məbləğlərini təsdiq etmək, sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
“Əbu Bəkr”in yerləşdiyi küçənin sakinləri məscidin birdəfəlik bağlanması xahişi ilə ölkə rəhbərliyinə müraciət edəcəklər
Bu barədə Ü. Bünyadzadə küçəsinin sakinləri bildiriblər. Onlar “Əbu Bəkr”də baş verən partlayışdan sonra məscidin müvəqqəti bağlandığını, bununla da vəhhabi təriqətinə mənsub şəxslərin ərazidə kütləvi toplanmasının qarşısının alındığı deyiblər.
Minlərlə vəhhabinin bir neçə il davamlı olaraq Ü. Bünyadzadə küçəsində toplaşmasından narahatlıq keçirdiklərini deyən sakinlər məscid bağlandıqdan sonra ərazidə sakitliyin və rahatlığın bərpa olunduğunu söyləyiblər: “Küçəmizdə əvvəlki kimi sakitlik hökm sürür. Bir daha buraya vəhhabilərin toplaşmasını istəmirik. Onlar bütün küçəni bərbad hala salıblar, ərazidə natəmizlik hökm sürür. Məscidin bir daha açılmaması burada yaşayan sakinlərin təhlükəsizliyi baxımından da vacibdir. Ona görə də bu küçədə yaşayan çoxlu sayda sakin məscidin birdəfəlik bağlanması xahişi ilə ölkə rəhbərliyinə müraciət edəcək”.
Şəkidə intihar hadisəsi baş verib
Şəki rayonunda intihar hadisəsi baş verib. Şəki rayon Prokurorluğundan yerli bürosuna verilən məlumata görə, Kiş kənd sakini, 1933-cü il təvəllüdlü Məhərrəm Yaqub oğlu Qarayev yaşadığı həyətdə üzərinə yanacaq tökərək özünü yandırıb. Ağır yanıq xəsarəti ilə rayon Mərkəzi Xəstəxanasına çatdırılan M. Qarayevin həyatını xilas etmək mümkün olmayıb. İstintaq Qrupu mərhumun yüksək qan təzyiqindən əziyyət çəkdiyini qeyd edib. Faktla bağlı prokurorluqda cinayət işi başlanıb, araşdırma aparılır.
Məhkəmə-Hüquq Şurası 1 məhkəmə sədrini və 2 hakimi cəzalandırıb
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Şuradan verilən məlumata görə, qurumun sədri, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda hakimlər barəsində başlanan intizam icraatlarına baxılaraq fəaliyyətlərində qanunvericiliyin tələblərini kobudcasına pozduqlarına, o cümlədən məhkəmə prosesində tərəflərin iştirakının təmin edilməməsi hallarına, insan haqlarının qorunmasında digər nöqsanlara yol verdiklərinə görə Bakı şəhərinin Səbayel rayon məhkəməsinin hakimi Famil Nəsibova, Binəqədi rayon məhkəməsinin hakimi Maarif Kazımova və Qazax rayon məhkəməsinin sədri İlham Nuriyevə töhmət verilib.
İclasda həmçinin ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində dövlət başçısının tapşırıqlarına əsasən görülən kompleks tədbirlərin müsbət nəticələri qeyd olunub, bu sahədə işlərin ardıcıl davam etdirildiyi vurğulanıb.
AVCİYA rəhbərliyi Avropa Şurasının Azərbaycandakı Ofisində görüş keçirib
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) rəsmiləri bu gün Avropa Şurasının Azərbaycandakı Ofisində qurumun təmsilçiləri ilə görüş keçiriblər. Görüşdə AVCİYA-nin fəaliyyəti haqqında geniş məlumat verilib, birgə əməkdaşlığın perspektivləri müzakirə olunub. AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı qarşıdan gələn prezident seçkiləri ilə bağlı assosiasiyanın gördüyü işlər barədə görüş iştirakçılarına məlumat verib. Seçki Qərargahının rəhbəri prezident seçkilərinin ölkə üzrə monitorinqini təşkil etmək məqsədilə 15 avqust – 2 sentyabr tarixində İsmayıllı, Göyçay, Qax, Qəbələ, Mingəçevir, Gəncə, Şirvan, Saatlı, Salyan, Lənkəran, Xaçmaz və Quba şəhərlərində müşahidəçilər üçün treninqlər keçirildiyini bildirib.
Görüşdə Avropa Şurasının seçkilərlə bağlı Azərbaycana gələcək nümayəndələri ilə AVCİYA rəsmilərin görüşlərinin təşkil edilməsi ilə bağlı ilkin razılıq əldə olunub.
Azərbaycanda polislər üçün treninq keçiriləcək
Azərbaycanda İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu Daxili İşlər Nazirliyinin dəstəyi ilə sentyabrın 8-dən 19-a qədər xarici ekspertlərin iştirakı ilə yerli polislər üçün treninq kursu keçirəcək. İşçi Qrupdan daxil olan məlumata görə, silsilə tədbirin açılışı və ilk məşğələlər bazar ertəsi Polis Akademiyasında baş tutacaq. Treninq sentyabrın 10-u Lənkəranda, 12-si – Gəncədə, 14-ü – Göyçayda, 16-17-sı Daxili Qoşunlar üçün – Bakıda olacaq. Təlimin məqsədi iştirakçıları seçki qabağı dövrdə, seçki günündə və seçkilərdən sonra polis əməkdaşlarının rolu və təhlükəsizlik məsələlərinin təmin olunması haqqında təlimləndirməkdən ibarətdir. Məşqlər zamanı polis nəfərlərinin həmçinin kritik hadisənin idarə olunması, təlimin təşkil və təqdimatı, təlimin idarə olunma və inkişaf etdirilməsi digər mövzularda tədris ediləcək.
Azərbaycanda Təhlükəli Tullantıların İdarə Olunması üzrə Milli Mərkəzin infrastrukturunun genişləndirilməsinə dair tender keçirilir
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti Təhlükəli Tullantıların İdarə Olunması üzrə Milli Mərkəzin infrastrukturunun genişləndirilməsi, maddi-texniki bazasının gücləndirilməsi və yeni hücrənin tikintisi ilə əlaqədar açıq tender elan edib.
Tender Komissiyasından verilən məlumata görə, tenderdə iştirak etmək istəyənlər 200 manat məbləğində iştirak haqqı ödəməlidir. İddiaçılar sənədlərini bu ilin sentyabrın 24-dək, tender təkliflərini isə oktyabrın 6-dək təqdim etməlidirlər.
Qeyd edək ki, təkliflər zərflərinin açılma proseduru oktyabrın 7-də keçiriləcək.
Əlaqə telefonu: (+994 12) 438-25-01.
“British-Consıl intensiv elm” layihəsinin birinci fazası yekunlaşıb
Bu gün “Britişh-Consıl” və Təhsil Nazirliyinin birlikdə həyata keçirdiyi “British-Consıl intensiv elm” layihəsinin birinci fazasının yekun mərasimi keçirilib. Xəbərə görə, “British Consıl“ın Azərbaycandakı proqramlar üzrə meneceri Araz Yusubov bildirib ki, layihənin birinci fazası bu ilin aprelindən həyata keçirilməyə başlayıb və bu gün yekunlaşıb. Layihə çərçivəsində keçirilən üç seminarda Azərbaycan Müəllimlər İnstitutunun və 5 universitetin 51 müəllimi iştirak edib. Layihə bp şirkəti tərəfindən maliyyələşdirilib. Layihənin ikinci fazasının bu ilin noyabrından həyata keçirilməyə başlaması nəzərdə tutulub. Tədbirin sonunda müəllimlərə sertifikatlar təqdim olunub.
Azərbaycanda məişət tullantılarının utilizasiyası üçün regional poliqon tikiləcək
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti Şamaxı rayonu və Şirvan şəhəri yaxınlığında məişət tullantılarının zərərləşdirilməsi və yaranacaq metanın utilizasiyasını təmin edən regional poliqonların tikintisi ilə əlaqədar açıq tender elan edib.
Tender Komissiyasından verilən məlumata görə, tenderdə iştirak etmək istəyənlər 200 manat məbləğində iştirak haqqı ödəməlidir. İddiaçılar sənədlərini bu ilin sentyabrın 24-dək, tender təkliflərini isə oktyabrın 6-dək təqdim etməlidirlər.
Qeyd edək ki, təkliflər zərflərinin açılma proseduru oktyabrın 7-də keçiriləcək.
Əlaqə telefonu: (+994 12) 438-25-01.
Bu məlumatlar Azəri-Press Agentliyinindir (APA)











