Azərbaycanda prezident seçkiləri ilə bağlı namizədlərin imzatoplama kampaniyası başa çatıb
Siyasət · Azərbaycan prezidenti Şamaxı rəsədxanasının yenidən qurulmasına 5 milyon manat ayırıb
· Azərbaycanın xarici işlər naziri Macarıstan parlamentinin spikeri ilə görüşüb
· AŞ PA Bürosu prezident İlham Əliyevin son əfv fərmanını müsbət qiymətləndirib
· Azərbaycanda prezident seçkiləri ilə bağlı namizədlərin imzatoplama kampaniyası başa çatıb
Azərbaycan prezidenti Şamaxı rəsədxanasının yenidən qurulmasına 5 milyon manat ayırıb
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, sərəncamla rəsədxananın yenidən qurulmasını təmin etmək, maddi-texniki bazasının gücləndirilməsi və əsaslı təmir-tikinti işlərinin aparılması məqsədilə təxirəsalınmaz tədbirlər görülməsi üçün 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayrılıb.
Şamaxı Astrofizika Rəsədxanasında aparılacaq əsaslı təmir-tikinti işlərinin müasir standartlara uyğun, yüksək keyfiyyətlə həyata keçirilməsini, zəruri avadanlıq və texnikanın alınması üçün müvafiq tədbirlərin görülməsini təmin etmək AMEA-ya tapşırılıb. Rəsədxananın elektrik enerjisi, təbii qaz və su ilə etibarlı təminatı üçün zəruri tədbirləri “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti həyata keçirəcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi isə rəsədxananın telefonlaşdırılmasını və sürətli internet şəbəkəsinə qoşulmasını təmin etməlidir.
Şamaxı Rayon İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Şamaxı Astrofizika Rəsədxanasının ətraf ərazilərinin təbii landşaftının qorunması və xüsusi mühafizə zolağının yaradılması üçün müvafiq tədbirlər görmək Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə olunub. Maliyyə Nazirliyi isə lazımi vəsaitin Azərbaycan Milli Elmlər Akademiyasının hesabına köçürülməsini təmin edəcək.
Azərbaycanın xarici işlər naziri Macarıstan parlamentinin spikeri ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Macarıstan parlamentinin spikeri, xanım Katalina Szili ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumata görə, Azərbaycan və Macarıstan arasında münasibətlərin çoxaspektli cəhətlərini vurğulayan tərəflər, parlamentlərarası təmasların qurulması və inkişafını müsbət dəyərləndiriblər.
Xanım K. Szili, həmçinin Azərbaycanın regionun sabitliyində vacib rolunu vurğulayıb, eyni zamanda, enerji layihələrinə toxunaraq, Macarıstanın enerji mənbələrinin və tranzit marşrutlarının müxtəlifliyində maraqlı olduğunu diqqətə çatdırıb.
E. Məmmədyarov isə bölgədəki enerji dəhlizlərinin təhlükəsizliyinin də diqqətdə saxlanmasının zəruriliyini vurğulayaraq, postsovet məkanında separatizm yönlü münaqişələrin həllinin bu baxımdan vacib olduğunu bildirib. Cənubi Qafqaz regionunda mövcud konfliktlərin aradan qaldırılması, sabit və etimadlı qonşuluq münasibətlərinin qurulmasının hər bir ölkənin maraqları daxilində olduğunu qeyd edən nazir Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həllinin mümkünlüyünü vurğulayıb.
Görüşdə, həmçinin iki ölkə arasında qanunvericilik sahəsində, Azərbaycanın Aİ-yə inteqrasiyası sahəsində əməkdaşlıq, qeyri-neft sahəsində birgə iş birliyinin qurulması kimi mövzular da nəzərdən keçirilib.
AŞ PA Bürosu prezident İlham Əliyevin son əfv fərmanını müsbət qiymətləndirib
Bu gün Avropa Şurası Parlament Assambleyası Bürosunun iclası keçirilib. Bu barədə açıqlama verən Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, iclasda əsasən gürcü-osetin münaqişəsi müzakirə olunub. İclasda regiona səfər etmək üçün Rusiya və Gürcüstan üzrə həmməruzəçilərdən, siyasi partiya liderlərindən ibarət xüsusi qrupun təsis olunması barədə qərar çıxarılıb. AŞ PA-nın payız sessiyasında Gürcüstandakı vəziyyət tam iki gün müzakirə olunacaq. Səməd Seyidov Büronun iclasında AŞ PA prezidenti Luis Mariya de Puçun çıxış etdiyini, Azərbaycana səfərinin nəticələri barədə iştirakçıları məlumatlandırdığını deyib: “AŞ PA Bürosu həmçinin prezident İlham Əliyevin son əfv fərmanı haqqında məlumatlandırılıb və bu məsələ çox müsbət qarşılanıb”.
Azərbaycanda prezident seçkiləri ilə bağlı namizədlərin imzatoplama kampaniyası başa çatıb
Oktyabrın 15-də keçiriləcək prezident seçkiləri ilə bağlı namizədlərin imza toplama kampaniyası üçün müəyyən edilmiş müddət bu gün başa çatıb. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən verilən məlumata görə, namizədlər topladıqları imzaları və digər seçki sənətlərini Təqvim Planına uyğun olaraq bu gün saat 18.00-a qədər MSK-ya təqdim ediblər. Bundan sonrakı mərhələdə isə MSK qanunda nəzərdə tutulmuş müddətdə seçici imzalarını yoxlayacaq və müraciət etmiş şəxslərin namizədliyinin qeydə alınıb - alınmaması barədə qərar qəbul edəcək.
Qeyd edək ki, hələlik iki nəfərin – hazırkı prezident İlham Əliyev və Ümid Partiyasının sədri İqbal Ağazadənin prezidentliyə namizədliyi qeydə alınıb.











