Xos gelmisiniz!!!

 Hər kəsin insan haqları qorunmalıdır! : Azərbaycanda ilk yerli mini-kompüterlərin satışına başlanılıb və Ekspertlər: ABŞ dollarının möhkəmlənməsi prosesinin davamlı olması ehtimalı azdır
Reklam verin!

Azərbaycanda ilk yerli mini-kompüterlərin satışına başlanılıb və Ekspertlər: ABŞ dollarının möhkəmlənməsi prosesinin davamlı olması ehtimalı azdır

Yazar: Intigam @ Sentyabr 5, 2008 20:32

  

                       İqtisadiyyat    

·  Gələn il Azərbaycanda yeni neft-kimya kompleksinin inşasına başlanacaq

·  Azərbaycan noyabr ayınadək İrana olan elektrik enerjisi borcunu tam ödəyəcək

·  Azərbaycan paytaxtının tikinti materialları bazarında orta qiymətlər ilin əvvəlindən 14% artıb

·  Ekspertlər: ABŞ dollarının möhkəmlənməsi prosesinin davamlı olması ehtimalı azdır

·  Rusiyanın yükdaşımalar operatoru Azərbaycanla tranzit imkanlarını araşdırır

·  Azərbaycanda dövriyyədə olan korporativ istiqrazların gəlirliyi mövcud inflyasiyanın səviyyəsindən aşağıdır

·  Azərbaycanda ilk yerli mini-kompüterlərin satışına başlanılıb

·  «Hyundai» şirkəti «i20» modelinin 5- və 3-qapılı versiyalarını istehsal edəcək

Gələn il Azərbaycanda yeni neft-kimya kompleksinin inşasına başlanacaq

Bakı. İlhamə İsabalayeva - APA-Economics. Gələn ildən Azərbaycanda yeni neft-kimya kompleksinin tikintisinə başlamaq nəzərdə tutulur.
«Azərikimya» Dövlət Şirkətinin investisiya şöbəsinin rəisi Rza Rzayev «APA-Economics»ə açıqlamasında bildirib ki, hazırda Böyük Britaniyanın «NEXTANT» şirkəti yeni kompleksin texniki-iqtisadi əsaslandırılmasını hazırlanır.
R.Rzayev bildirib ki, kompleksin tikintisinin 2012-ci ilin sonunda tamamlanması nəzərdə tutulur. Burada polimer və aromatika məhsulları istehsal ediləcək. Kompleks istifadəyə verildikdən sonra ölkənin karbohidrogen bazasında qeyri-neft sektoru inkişaf edəcək, yeni rəqabət qabiliyyətli məhsulların istehsalı artacaq. Bu məhsulların dünya bazarında satışı hesabına neft-kimya və kimya sənayesinin ümumi daxili məhsulda xüsusi çəkisi yüksələcək, rəqabətə davamlı məhsulların ixracı artacaq. Kompleksin fəaliyyəti nəticəsində digər sənaye sahələrində də yeni iş yerləri açılacaq.

Azərbaycan noyabr ayınadək İrana olan elektrik enerjisi borcunu tam ödəyəcək

Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan cari ilin oktyabr ayının sonuna qədər İrana olan elektrik enerjisi borcunu tam şəkildə qaytaracaq. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.
M.Əsgərovun sözlərinə görə, hazırda İrana sutkada 1,2-1,4 mln. kVt/saat həcmində elektrik enerjisi ötürülür.
«Qaytarılan enerjinin həcmi İranın tələbatından asılı olaraq müəyyənləşdirilir. Biz oktyabrın sonunadək İrana olan borcu tam şəkildə bağlamağı düşünürük», - deyə M.Əsgərov vurğulayıb.
Xatırladaq ki, cari ilin aprel ayına qədər Azərbaycanın İrana 258 mln. kVt/saat həcmində elektrik enerjisi borcu olub. Borcun qaytarılmasına aprel ayından başlanıb.

Azərbaycan paytaxtının tikinti materialları bazarında orta qiymətlər ilin əvvəlindən 14% artıb

Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin avqust ayı ərzində Bakı şəhəri üzrə tikinti materialları bazarında formalaşan orta qiymətlər iyul ayı ilə müqayisədə 3,4% artıb. Bu barədə «APA-Economics»ə «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən məlumat verilib.
Avqust ayı ərzində bazarda 36 adda, 82 çeşiddə tikinti materiallarının qiyməti izlənilib. Araşdırılan məhsullar üzrə respublikada istehsal olunan malların ümumi istehsalda həcmi 45% təşkil edib. İyul ayında 82 adda məhsuldan 19-u üzrə qiymət azalması, 49-u üzrə stabillik, 16-sı üzrə isə qiymət artımı müşahidə edilib.
Avqust ayında qum (1 kubmetr) 25%, armatur 7,1%, dəmir təbəqə 0,6%, sink təbəqə 0,5%, otsep 4,2%, çınqıl 25%, kafel-metlax yapışdırıcısı 2,2%, profil 6,8% bahalaşıb.
Eyni zamanda, mişar daşı 17,3%, kərpic 20,4%, taxta 1,2%, dikt 3,4%, dam örtüyü 0,3%, alçipan 17,3%, mismar 8,3%, tamet 11,8%, şüşə-pambıq 5% ucuzlaşıb. Qalan tikinti materialları üzrə qiymətlər dəyişməz qalıb.
Bu ilin əvvəli ilə müqayisədə orta qiymət artımı 14,3%, keçən ilin müvafiq dövrü ilə müqayisədə 33,6% təşkil edib. Qiymət indeksi isə ötən aya nisbətən 3,4% artaraq 182,5 bənd səviyyəsində qərarlaşıb.

Ekspertlər: ABŞ dollarının möhkəmlənməsi prosesinin davamlı olması ehtimalı azdır

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda ABŞ dolların rəsmi məzənnəsi bu gün 0,8154 AZN/USD təşkil edib və bununla da üç aylıq maksimuma çatıb. Bu barədə «APA-Economics»ə Azərbaycan Milli Bankından (AMB) məlumat verilib.
Bununla yanaşı, nağd dolların satış məzənnəsi də artıq 0,8250 manatadək yüksəlib ki, bu da son iki ayın ən maksimal göstəricisidir.
Maraqlıdır ki, iqtisadi qanunlara zidd olaraq dolların möhkəmlənməsi ABŞ-da makroiqtisadi vəziyyətinin kəskin pisləşməsi fonunda müşahidə olunur və qeyri-sabitliyin hələ də davam edəcəyi proqnozlaşdırılır. Bu səbəbdən ekspertlər olların bahalaşmasını müvəqqəti olduğunu vurğulayırlar. Yəni, ABŞ valyutasının dünya bazrında avro, yen və funt sterlinqə, habelə Azərbaycan manatına qarşı bahalaşması prosesinin yaxın vaxtlarda dayanacağı gözlənilir.
Qeyd edək ki, dünən ABŞ-da iqtisadi vəziyyətinin pisləşməsi xəbərləri nəticəsində birja kotirovkalarında 2008-ci ildə ən iri gündəlik azalma müşahidə olunub. Belə ki, Dow Jones və S&P 500 indeksləri 3%, NASDAQ isə 3,2% düşüb. Bundan başqa, London birjasının FTSE indeksi 2,57%, Fransa CAC 40 indeksi - 3,33%, Almaniya DAX indeksi 3% düşüb. Eyni zamanda dünya bazarında avronun dollara qarşı məzənnəsi 11 aylıq minimuma enib.
Mütəxəssislərin fikrincə, ABŞ-dakı makroiqtisadi vəziyyət heç də dolların daha da möhkəmlənməsi üçün əlverişli deyil və buna görə, prosesin davamlı xarakter daşıması ehtimalı çox azdır.

Rusiyanın yükdaşımalar operatoru Azərbaycanla tranzit imkanlarını araşdırır

Bakı.
Vüqar Mustafayev - APA-Economics. Rusiyanın iri yükdaşımalar operatoru olan «Birinci Yükdaşıma Şirkəti» ASC Orta Asiyada fəaliyyət dairəsinin genişləndirilməsi strategiya çərçivəsində Azərbaycandakı ekspeditorlar və yükgöndərənlərlə hərəkət heyətinin mümkün birgə istifadəsinə dair danışıqlar aparır.
«APA-Economics»in məlumatına görə, şirkət neft məhsullarının ixracı və tranzitinin diversifikasiyası hesabına hazırkı mövqelərini gücləndirmək niyyətindədir. Orta Asiya bazarını perspektivli hesab edən şirkət 2008-ci ilin sonuna burada 30%-dək paya sahib olmağı planlaşdırır.
Qeyd edək ki, «Birinci Yükdaşıma Şirkəti» ASC 2007-ci ildə «Rusiya Dəmir Yolları» ASC tərəfindən təsis olunub. Şirkət nəqliyyat-ekspeditor xidmətlərinin göstərilməsi, hərəkət heyətinin icarəyə verilməsi və üçüncü şəxslərin hərəkət heyətinin idarə olunması ilə məşğuldur.

Azərbaycanda dövriyyədə olan korporativ istiqrazların gəlirliyi mövcud inflyasiyanın səviyyəsindən aşağıdır

Bakı. Vahab Rzayev – APA-Economics. Hazırda Azərbaycanda dövriyyədə 13 emitentə aid olan 24 korporativ istiqraz buraxılışı var. Bu barədə «APA-Economics»ə Bakı Fond Birjasından (BFB) məlumat verilib.
Buraxılmış istiqrazların gəlirliyi illik 13-18% çərçivəsində dəyişir, əksər buraxılışlar üzrə isə gəlirlik 13-14,5% təşkil edir.
Qeyd edək ki, korporativ istiqrazlar öz funksionallığına görə bank depozitlərinə bənzəyir. Hazırda Azərbaycanda bank depozitləri üzrə gəlirlik illik təxminən 14-22%-ə bərabər olsa da, bir çox xüsusiyyətlərinə görə bu alət korporativ istiqrazlarla oxşardır. Belə ki, həm depozit, həm də istiqrazlar üzrə hesablanan faiz ödənişləri rüblük və illik aparılır, halbuki 2-3 il öncə bank depozitləri üzrə dividendlər yalnız ildə bir dəfə (müddətin sonunda) ödənilirdi. Hazırda isə dividendlərin ödənilməsi qrafiki liberallaşdırılıb və banklar hesablanan faizləri müştərilərə nəinki rübdə bir dəfə hətta, hətta hər ay ödəməyə hazırdır. Buna görə də artıq istiqrazlar üzrə dividendlərin rüblük qaydada ödənilməsi depozitlərlə müqayisədə üstünlük təşkil edən amil kimi qiymətləndirilmir.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanın fond bazarında yerləşdirilən korporativ istiqrazların ümumi həcmi 32 mln. manatdan artıq olub və bu, ötən ilin analoji 8 aylıq göstəricisindən 36% çoxdur. Dövriyyədə olan istiqrazların ümumi emissiyasının 80 mln. manat olduğunu nəzərə alaraq etiraf etmək lazımdır ki, əvvəlki illərlə nisbətən gəlirliyin azalmasına baxmayaraq, istiqrazların yerləşdirilməsi qənaətbəxş səviyyədədir. Lakin Azərbaycandakı mövcud inflyasiyanın səviyyəsi (təxminən 20%) nəzərə alındıqda istiqrazların daha aşağı gəlirliklə yerləşdirilməsi inanılmaz görünür. Əslində isə bu, hazırda Azərbaycanın maliyyə bazarında korporativ və fərdi investorlar üçün sərmayə xarakterli alternativ alətlərin olmadığını göstərir. Nətiəcədə, investorlar inflyasiyanın səviyyəsindən aşağı gəlirliyi olan alətə sərmayə yönəltmək məcburiyyəti ilə üzləşir.

Azərbaycanda ilk yerli mini-kompüterlərin satışına başlanılıb

Bakı.
İlhamə İsabalayeva - APA-Economics. Kompüter istehsalı ilə məşğul olan «Kür» Elektron Avadanlıqları Müəssisəsi Azərbaycanda ilk dəfə olaraq, mini PC-lərin (kompüterin modernləşdirilmiş kiçik forması) istehsalına başlayıb. Bu barədə «APA-Economics»ə «Kür»ün Bakı nümayəndəliyinin administratoru Mahmud Cəlilov məlumat verib.
M.Cəlilov bildirib ki, artıq həmin məhsullar «Kür»ün Bakı, Gəncə, Mingəçevir, Şirvan, Lənkəran və digər şəhər və rayonlarda fəaliyyət göstərən satış məntəqələrində kütləvi satışa çıxarılıb. Müasir dövrün tələblərinə uyğun istehsal edilən mini PC-lərin həcmi çox kiçikdir.


«Hyundai» şirkəti «i20» modelinin 5- və 3-qapılı versiyalarını istehsal edəcək

Bakı.
Nicat Mustafayev – APA-Economics. Cənubi Koreyanın «Hyundai» avtomobil şirkəti bu ilin oktyabr ayında Parisdə (Fransa) keçiriləcək beynəlxalq avtomobil sərgisində yeni «Hyundai i20» modelinin 5-qapılı versiyasını nümayiş edəcək.
«APA-Economics»in məlumatına görə, bu modelin 3-qapılı versiyasının debütü isə 2009-cu ilə planlaşdırılıb. Yeni «i20» modeli hazırda istehsalı dayanan «Hyundai Getz» modelinin əvəzində buraxılacaq. Yeni xetçbek 1,2 litr və 1,4 litr həcmində olan mühərriklərlə təchiz olunacaq. Avtomobil hər 100 km məsafəyə 4,15 litr yanacaq işlədəcək.
Qeyd edək ki, «Hyundai» avtomobillərinin Azərbaycanda rəsmi distribütoru olan «Hyundai Auto Azerbaijan» şirkəti yeni «i20» modelinin ölkəyə idxalına bu ilin dekabr ayında başlayacaq. Avtomobilin qiymətinə gəldikdə isə, yeni «i20» modeli təxminən 13,5-15 min manata satılacaq.

Bu məlumatlar «APA-Economics»in Azəri-Press Agentliyinindir 

İqtisadiyyat | Şərhlər(0)
Baxış sayı: 55
Açar sözlər:
Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha