General Vəli Kiçik bəzi mətbuat orqanlarında çıxan yazılarla bağlı prokurorluğa şikayət edib
D ü n y a 
· Ermənistan və Türkiyə prezidentləri Astanada görüşəcəklər
· İstefada olan generallar Hurşit Tolon və Şener Eruyğur barədə həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə müraciət edilib
· Roman Abramoviçin istefası qəbul olunub· ATƏT-in Parlament Assambleyası Gürcüstan və Ukrayna ilə bağlı qətnamə qəbul edib
· Zambiya prezidenti vəfat edib
· Ordu generalı Şənər Əruyğur polisə ifadə verməkdən imtina edib
· General Vəli Kiçik bəzi mətbuat orqanlarında çıxan yazılarla bağlı prokurorluğa şikayət edib
· Gürcüstanın mərkəzi hakimiyyətinə bağlı olan Cənubi Osetiya administrasiyasının rəhbərinə sui-qəsd edilib
· Polşa ərazisində ABŞ-ın antiraket sistemlərinin yerləşdirilməsi barədə razılıq əldə olunub
· “Taliban” 3 NATO vertolyotunu oğurlayıb
Ermənistan və Türkiyə prezidentləri Astanada görüşəcəklər
Qazaxıstan paytaxtında Türkiyə və Ermənistan prezidentlərinin görüşü keçiriləcək. Məlumata görə, hər iki prezident Qazaxıstanın paytaxtı Astana şəhərinin 10 illik yubiley mərasiminə dəvət alıblar. Bu, prezidentlərin ilk görüşüdür. Qeyd edək ki, tədbirə həmçinin Gürcüstan, Rusiya, Qırğızıstan və digər respublikalarının prezidentləri də dəvət olunublar.
“Ergenekon qalmaqalı” ilə bağlı həbs olunaraq İstanbul Əmniyyət Müdirliyində saxlanan 23 nəfərin bir qrupu haqlarında həbs qətimkan tədbiri çıxarılması üçün Beşiktaş Ağır Cəza Məhkəməsinə göndərilib. Məlumata görə, haqqında həbs-qətimkan tədbiri seçilməsi istənilən şəxslər arasında istefada olan generallar Hirşit Tolon və Şener Eruyğur da var. Saxlanan digər şəxslərin ilkin dindirilməsi davam edir, dindirmə prosesi başa çatdıqdan sonra həmin şəxslər haqqında həbs-qətimkan tədbiri seçilib-seçilməməsinə qərar veriləcək. Qeyd edək ki, “Ergenekon qalmaqalı” ilə bağlı saxlanan şəxslərə qarşı “Terror təşkilatı yaratmaq” maddəsi ilə ittiham irəli sürüləcəyi gözlənilir.
Roman Abramoviçin istefası qəbul olunub
Rusiya prezidenti Dmitri Medvedev Çukotka muxtar dairəsinin qubernatoru Roman Abramoviçin istefasını qəbul edib. “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Kremlin mətbuat xidməti R. Abramoviçin öz istəyi ilə istefaya getdiyini və onun yerinə bu vəzifəyə Roman Kopinin təyin olunduğunu açıqlayıb.
Yəhudi əsilli R. Abramoviç 1966-cı ildə Saratovda doğulub. Əmək fəaliyyətinə 1987-ci ildə “Mosspetsmontaj” trestinin 122 saylı tikinti idarəsində mexanik kimi başlayıb. 1989-cu ildə uşaq oyuncaqları istehsal edən “Uyut” kooperativini, 1991-ci ildə isə “ABK” kiçik müəssisəsini yaradaraq biznes fəaliyyətinə başlayıb. 1996-cı ildə “Sibir” Neft Şirkətinin Direktorlar Şurasının üzvü olub. 1999-cu ildə Çukotkadan Dövlət Dumasına üzv, 2000-ci ildə isə Çukotkanın qubernatoru seçilib. Moskva Dövlət Hüquq Akademiyasını bitirib. 2006-cı ilin dekabrında prezidentə müraciət edərək qubernator vəzifəsindən azad olunmasını istəyib. 2003-cü ilin iyulunda İngiltərənin “Çelsi” futbol klubunu satın alıb.
ATƏT-in Parlament Assambleyası Gürcüstan və Ukrayna ilə bağlı qətnamə qəbul edib
ATƏT-in Parlament Assambleyasının Qazaxıstanın paytaxtı Astanada keçirilən 17-ci sessiyasında Gürcüstan və Ukrayna ilə bağlı qətnamə qəbul olunub. ATƏT PA-nın saytına istinadən verdiyi məlumata görə, qətnamədə 1932-1933-cü illərdə totalitar Stalin rejiminin məqsədli siyasəti nəticəsində yaranan dəhşətli aclıqdan (“Qolodomor”) ölən milyonlarla günahsız ukraynalının xatirəsi yad edilib. ATƏT PA faciəyə dair bütün həqiqətlərin açılması və bununla bağlı həm milli, həm də beynəlxalq səviyyədə maarifləndirmə işləri aparılması barədə Ukrayna hökumətinin təşəbbüsünü dəstəkləyib. Sənəddə bütün ölkə parlamentləri “Qolodomor”un tanınması üçün müvafiq addımlar atmağa çağırılıb. Qətnamə Rusiya və Qazaxıstanın etirazlarına məhəl qoyulmadan qəbul olunub.
Sessiyada qəbul olunan digər qətnamədə Rusiya hökuməti Gürcüstanın ərazi bütövlüyünü şübhə altına alan addımlardan və separatçı qurumlarla əlaqə yaratmaqdan çəkinməyə çağırılıb.
Zambiya prezidenti vəfat edib
Zambiya prezidenti Levi Mvanavasa vəfat edib. Beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, L. Mvanavasa Fransanın paytaxtı Parisdə dünyasını dəyişib. Zambiya prezidentinin səhhəti Afrika Birliyinin Misirdə keçirilən sammiti zamanı pisləşib və o, xəstəxanaya aparılıb. İyulun 2-də Parisdəki hərbi hospitala köçürülən 59 yaşlı L. Mvanavasa orada keçinib.
Ordu generalı Şənər Əruyğur polisə ifadə verməkdən imtina edib
İyulun 1-də həbs olunmuş Türkiyə Jandarma Qüvvələrinin sabiq komandanı, ordu generalı Şənər Əruyğur polisə ifadə verməkdən imtina edib. Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, İstanbul Əmniyyət Müdirliyinin (polis idarəsi) terrorla mübarizə şöbəsində saxlanılan Ş. Əruyğurun susmaq hüququndan istifadə etdiyi bəlli olub. Generalın vəkili Kazım Aslan hələlik Ş. Əruyğurla görüşə bilmədiyini deyib.
Qeyd edək ki, iyulun 1-də həbs olunmuş “Cumhuriyet” qəzetinin Ankara təmsilçisi Mustafa Balbay da polisə ifadə verməkdən imtina edib.
General Vəli Kiçik bəzi mətbuat orqanlarında çıxan yazılarla bağlı prokurorluğa şikayət edib
İstanbulun Ümraniyyə rayonu ərazisindəki gecəqonduda yerləşən bir evdə tapılmış partlayıcı maddələrlə bağlı aparılan istintaq çərçivəsində bir müddət əvvəl həbs olunmuş istefada olan general Vəli Kiçik bəzi mətbuat orqanlarında çıxan yazılarla əlaqədar prokurorluğa şikayət edib. “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Kocaeli bölgəsində yüksək səviyyədə mühafizə olunan 1 saylı F tipli cəzaçəkmə müəssisəsində saxlanılan V. Kiçik bəzi qəzetlərdə dərc olunan böhtan və iftira xarakterli yazılarla bağlı verdiyi şikayətlə əlaqədar bu gün prokurorluğa çağırılıb. Ciddi mühafizə altında Kocaeli bölgəsi Kandıra rayon ədliyyəsinə gətirilən general prokurorla görüşdükdən sonra yenidən həbsxanaya aparılıb.
Gürcüstanın mərkəzi hakimiyyətinə bağlı olan Cənubi Osetiya administrasiyasının rəhbərinə sui-qəsd edilib
Bu gün səhər Gürcüstanın mərkəzi hakimiyyətinə bağlı olan Cənubi Osetiya administrasiyasının rəhbəri Dmitri Sanokiyevə sui-qəsd edilib. “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, müvəqqəti iqamətgahının yerləşdiyi Kurta kəndindən Batuma gedən D. Sanokiyevin “Nissan-Armada” avtomobili yolda minaya düşüb. Hadisə Rusiya sülhməramlılarının postu yaxınlığında baş verib. Partlayışdan sonra D. Sanokiyevin avtomobili atəşə tutub. Mühafizəçilər cavab atəşi açıblar və atışma bir neçə dəqiqə davam edib. Olay zamanı D. Sanokiyev zərər çəkməyib, amma onun 3 mühafizəçisi ağır yaralanıb. Onlar Qori hərbi hospitalına aparılıblar.
Polşa ərazisində ABŞ-ın antiraket sistemlərinin yerləşdirilməsi barədə razılıq əldə olunub
Vaşinqton və Varşava Polşa ərazisində ABŞ-ın antiraket sistemlərinin yerləşdirilməsi barədə ilkin razılıq əldə ediblər.
Bu barədə Polşanın “TVN 24” telekanalı xəbər yayıb. İki ölkə arasında aparılan danışıqlarda Polşa nümayəndə heyətinə rəhbərlik edən xarici işlər nazirinin müavini Vitold Vaşşikovski nəticələr barədə nazir Radoslav Sikorski və baş nazir Donald Tuska məruzə etdiyini söyləyib. Yekun qərarı məhz baş nazir verəcək.
Qeyd edək ki, iyulun 8-9-da ABŞ dövlət katibi Kondoliza Rays Polşa və Çexiyaya səfər edəcək. O, əvvəlcə Çexiyaya gedəcək və həmkarı Karel Şvartsenberqlə bu ölkə ərazisində ABŞ radar sisteminin yerləşdirilməsi barədə müqavilə imzalayacaq. İyulun 9-da isə K. Rays Polşada olacaq və bu ölkə ərazisində ABŞ antiraket sistemlərinin yerləşdirilməsi barədə razılığa gəlindiyini rəsmən açıqlayacaq.
“Taliban” 3 NATO vertolyotunu oğurlayıb
Pakistanın şimalında fəaliyyət göstərən Əfqanıstanın “Taliban” hərəkatının yaraqlıları ABŞ-a məxsus üç vertolyot oğurlayıblar. Məlumata görə, Almaniyanın “Die Welt” qəzeti yazıb ki, vertolyotlardan ikisi hərbi (“Cobra” və “Blackhawk”), biri isə “Chinook” tipli nəqliyyat vertolyotudur. Vertolyotlar ayrı-ayrı hissələrə sökülmüş halda Pakistanın Kəraçi limanından Əfqanıstanın Cəlalabad şəhərinə - NATO qüvvələrinin (İSAF) istifadəsinə göndərilirmiş. Böyük konteynerlərin içində olan vertolyotların hissələri Pakistanın Peşəvər rayonunun Əfqanıstanla sərhədində oğurlanıb. Pakistan hökuməti xəbəri təsdiqləyərək olayın üç həftə əvvəl baş verdiyini bildirib.



