Xos gelmisiniz!!!

 Hər kəsin insan haqları qorunmalıdır! : Ermənistan xüsusi xidmət orqanlarının Bakı Metropolitenində terror aktı törətməsindən 14 il ötür
Reklam verin!

Ermənistan xüsusi xidmət orqanlarının Bakı Metropolitenində terror aktı törətməsindən 14 il ötür

Yazar: Intigam @ İyul 3, 2008 19:20

        A z ə r b a y c a n ı n  i ç 

                X ə b ə r l ə r i

                       

·  Azərbaycan Dövlət Sərhəd Xidməti Rusiyanın 7, İranın 2 gəmisini saxlayıb

·  “Azadlıq” qəzetinin müxbirini bıçaqlayanın məhkəmə istintaqı başlayıb

·  “GEN” MMC-nin baş mühasibi də həbs edilib

·  Bakıda çoxmərtəbəli binanın uçması faktına görə təqsirləndirilənlərin apellyasiya şikayətinə iyulun 15-də baxılacaq

·  Müslüm Maqomayev əməliyyat olunub

·  “Mercedes”dən 35 kiloqram narkotik maddə tapılıb

·  Bakı sakinindən hədə-qorxu yolu ilə 2000 dollar almış şəxs həbs olunub

·  Ombudsmanın nümayəndələri 2 saylı Cəzaçəkmə Müəssisəsində olublar

·  Qazaxıstanın sahil sularında 14 azərbaycanlı brakonyer həbs olunub

·  Moskvada “İslam terrorizmə qalib gələcək” adlı beynəlxalq konfrans işə başlayıb 

·  Ağ ciyər vərəmindən müalicə olunan məhkum dünyasını dəyişib

·  Azərbaycanın 88 sülhməramlı hərbçisi rotasiya qaydasında İraqa yola salınıb

·  Eldar Sabiroğlu: “Azərbaycan və Ermənistan müdafiə nazirlərinin Bişkek görüşü əvvəlcədən planlaşdırılmayıb”

·  Aqil Xəlil məcburi şəkildə Strekalinin məhkəməsinə gətirilib

·  Azərbaycan-Gürcüstan sərhədinin Balakən rayonu ərazisində iri tonnajlı yük maşınlarının hərəkətində artım müşahidə olunur

·  Azərbaycanda ilan sancmaları artıb

·  Gəncənin doğum evləri və uşaq poliklinikaları kompüterlərlə təchiz olunub

·  Lənkəranda tikilən yeni istirahət kompleksi gələn ay istifadəyə veriləcək

·  On səkkiz yaşlı Masallı sakini intihara cəhd göstərib

·  Oğlunun ölümünə dözməyən ana özünü asıb 

·  Ermənistan xüsusi xidmət orqanlarının Bakı Metropolitenində terror aktı törətməsindən 14 il ötür

Azərbaycan Dövlət Sərhəd Xidməti Rusiyanın 7, İranın 2 gəmisini saxlayıb
 

Dövlət sərhəd mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində iyun ayı ərzində Azərbaycanın dövlət sərhədini keçmiş və ya keçməyə cəhd göstərərkən 14 halda 19 nəfər sərhəd pozucusu saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, tutulan sərhəd pozucularının 8-i İran İslam Respublikası, 8-i Azərbaycan, hər ölkədən bir nəfər olmaqla Rusiya, Gürcüstan və Qazaxıstan vətəndaşlarıdır. Sərhəd rejim qaydalarını pozduqları üçün 16 halda 32 nəfər, vizaları olmadığı üçün 57 halda 96 nəfər, vizaların müddəti qurtardığı üçün 27 halda 35 nəfər, müvafiq sənədləri olmadığına görə 22 halda 29 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb. Axtarışda olan 62 nəfər saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib.
İyun ayı ərzində sərhədçilərə qarşı bir halda sərhəd pozucuları tərəfindən silahlı müqavimət göstərilib. Saxlanılan sərhəd pozucularından 1 ədəd AK markalı avtomat silah, 2 ədəd gecə görmə silahı, 5900 ABŞ doları, 3 ədəd mobil telefon, 39 bağlamada təqribən 39 kilqoram həşiş, 1 bağlamada 3 kiloqram heroinə oxşar narkotik vasitə, 5 ədəd 7,62 mm-lik giliz aşkar edilərək götürülüb. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində ay ərzində 5 halda 145 kq.284 qr. narkotik vasitə aşkar edilib. Bundan əlavə, 2 ton 800 kq. yabanı halda bitmiş xaş-xaş kolu yığılaraq məhv edilib. Xəzər dənizində sahilboyu rejim qaydaları yoxlanılarkən Sahil Mühafizəsi tərəfindən Rusiyaya məxsus 7 və İrana məxsus 2 gəmi saxlanılaraq baxış keçirilib. Sərhəd rejim qaydalarına riayət etməyərək sənədsiz dənizə çıxdığı üçün 7 qayıqda 17 nəfər Azərbaycan vətəndaşı saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Qaçaqmalçılıq fəaliyyətinə qarşı aparılan mübarizə tədbirləri nəticəsində 46 halda ümumi dəyəri təxminən 745 min 419 manat olan qaçaqmal saxlanılıb.

 

“Azadlıq” qəzetinin müxbirini bıçaqlayanın məhkəmə istintaqı başlayıb

Bu gün Nəsimi rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlilə xəsarət yetirməkdə təqsirləndirilən Sergey Strekalinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Prosesdə A. Xəlilin vəkili Elçin Sadıqov məhkəmə tərkibinə etiraz edib. O, həmçinin cinayət işinə xitam verilməsi və bu ilin aprelin 4-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində A. Xəlilin dindirilmə və üzləşdirilməsi ilə protokolların sübutlar siyahısından çıxarılması ilə bağlı vəsatət qaldırıb. Məhkəmə vəsatətlərin rədd edilməsi ilə bağlı qərar çıxarıb. E. Sadıqov daha sonra A. Xəlilin bu ilin fevralın 22-də döyülməsi ilə bağlı Dağbəyi Allahverdiyev, Akif Covdarov, Ələddin Hümbətovun, həmin hadisənin şahidi olmuş üç məktəblinin dindirilməsi barədə vəsatət qaldırıb. Hakim həmin hadisələrin artıq istintaq araşdırmasının aparıldığını və bu məhkəmədə A. Xəlilin bu il martın 13-də bıçaqlanması faktının araşdırıldığını əsas gətirərək, vəsatəti rədd edib.
Daha sonra hazırlıq iclası yekunlaşıb və hakim məhkəmə istintaqının başlandığını elan edib. Bundan sonra prokuror Eldar Həmzəyev ittiham aktını oxuyub. Dövlət ittihamçısının çıxışından sonra ifadə verən S. Strekalin özünü qismən təqsirli bilib. A. Xəlili bıçaqlaması ilə bağlı ittihamı qəbul edən təqsirləndirilən narkotik vasitələrin saxlanması və daşınması ilə bağlı ittihamı rədd edib: “Mən Aqil Xəlillə tanış olandan sonra onun jurnalist olduğunu bildim. O mənə qəzetdə işlədiyini və şou-biznesdən yazdığını dedi. Sonradan isə bizim şəxsi münasibətlərimiz yarandı və daimi xarakter aldı. Bir müddət sonra isə ayrıldıq və bir daha görüşdük. Bir ildən sonra isə Ayna Sultanova küçəsində siqaret almaq üçün dayanmışdım. Birdən Aqili keçərkən gördüm. Orda aramızda mübahisə yarandı və onu bıçaqladım”. Proses davam edir.
Qeyd edək ki, S. Strekalin Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama) maddələri ittiham olunur.

“GEN” MMC-nin baş mühasibi də həbs edilib

“GEN” MMC-nin baş mühasibi Əliyar Abbasov da həbs edilib. Bu barədə vəkil Telman Qasımov məlumat verib. Onun sözlərinə görə, Ə. Abbasova da Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bu il iyunun 11-də “GEN” MMC-nin rəhbəri Elbrus Əliyev həbs edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) ittiham olunub, barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, vətəndaşları aldadadarqa pullarının mənimsəməkdə ittiham olunur.

Bakıda çoxmərtəbəli binanın uçması faktına görə təqsirləndirilənlərin apellyasiya şikayətinə iyulun 15-də baxılacaq

Bakının Murtuza Muxtarov küçəsində 17 mərtəbəli binanın uçması faktı ilə bağlı təqsirləndirilən şəxslərin apellyasiya şikayətinə iyulun 15-də baxılacaq. Bu barədə Bakı Apellyasiya Məhkəməsindən məlumat verilib. Prosesə hakim Etibar Nəbiyev sədrlik edəcək. Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə “Mütəfəkkir” MMC-nin baş mühəndisi Əsgər Əliyev 9 il, həmin şirkətin iş icraçıları - Fərhad Həsənov 7 il, Qədir Səlimov 5 il 6 ay, Mürsəl Haqverdiyev 5 il, memar Eldar Rəhimov 4 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar. Məhkəmə təqsirləndirilən Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-kommunal təsərrüfatı idarəsinin sabiq rəisi Akif Məhərrəmovun isə 8 ay müddətinə şərti azadlıqdan məhrum olunması barədə hökm çıxarıb. O, məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, bu iş üzrə təqsirləndirilən “Mütəfəkkir” MMC-nin rəhbəri Əli Muradov ötən ilin noyabrında həbsxanada dünyasını dəyişib.

Müslüm Maqomayev əməliyyat olunub

Azərbaycanın və Rusiyanın xalq artisti Müslüm Maqomayev Moskvanın A. N. Bakulyov adına Ürək-Damar Cərrahiyyəsi Elmi Mərkəzində əməliyyat olunub. Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, 65 yaşlı məşhur sənətçinin ürək damarlarının kirəcləşməsi nəticəsində ürək əzələsində qan dövranı pozulub. Qan dövranını normallaşdırmaq üçün həkimlər angioplastika üsulundan istifadə ediblər. Həkimlər şuntlama əməliyyatının da lazım gələcəyini istisna etmədiklərini deyiblər.
Qeyd edək ki, M. Maqomayev iyun ayının əvvəlində ürəyində kəskin ağrılar, baş gicəllənməsi, ifrat yorğunluq şikayətləri ilə xəstəxanaya aparılıb. Akademik Leo Bokeriyanın nəzarəti altında həyata keçirilən müayinələr nəticəsində ona ürək damarlarının xroniki xəstəliyi diaqnozu qoyulub. Həkimlər cərrahiyyə əməliyyatı üçün tələsməyiblər və medikamentoz terapiya kursu təyin edərək müğənnini evə buraxıblar. Ancaq bir neçə gün əvvəl M. Maqomayev yenidən xəstəxanaya müraciət edib.

 

“Mercedes”dən 35 kiloqram narkotik maddə tapılıb

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi və Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 1-də Biləsuvarda Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Ramiz Bağırovun idarə etdiyi "Mercedes" markalı avtomaşına baxış zamanı 35 kiloqram həşiş aşkar edilərək götürülüb. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, R. Bağırov və sərnişini, Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Elvin Süleymanov saxlanılıblar. Onlar sonrakı araşdırmalar üçün DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil veriliblər.

Bakı sakinindən hədə-qorxu yolu ilə 2000 dollar almış şəxs həbs olunub

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinindən hədə-qorxu yolu ilə 2000 dollar almış şəxs həbs olunub. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata əsasən, həbs olunan şəxs Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Etibar Hüseynovdur. Faktla bağlı araşdırma aparılır. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri başqa bir əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Ulduz Məmmədova hədə-qorxu gəlmiş Naxçıvan şəhər sakini Rizvan Cəfərov tutulub. Saxlanan şəxsdən 1 ədəd pnevmatik tapança götürülüb. Faktla bağlı araşdırma aparılır.

Ombudsmanın nümayəndələri 2 saylı Cəzaçəkmə Müəssisəsində olublar

Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində görüş-seminar keçiriblər. Ombudsman Aparatından bildiriblər ki, tədbirdə “Azərbaycanda ombudsman təsisatının məhkumların hüquqlarının qorunmasında rolu və səlahiyyətləri” mövzusunda mühazirə oxunub, İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının icrası ilə əlaqədar qarşıda duran vəzifələr haqqında geniş məlumat verilib. Tədbirdən sonra Ombudsman Aparatının əməkdaşları məhkumları qəbul edib, müəssisənin görüş otaqlarında aparılan tikinti-bərpa işlərinin vəziyyət ilə tanış olublar.

Qazaxıstanın sahil sularında 14 azərbaycanlı brakonyer həbs olunub

Qazaxıstan Balıq Təsərrüfatı Komitəsinin müfəttişlərinin Atırau vilayətində, sahildən 25 kilometr məsafədə həyata keçirdiyi reydlər zamanı içərisində 14 azərbaycanlı balıqçı olan “PTS” gəmisi saxlanıb. “Kazinform”a istinadən yaydığı məlumata görə, brakonyerlərin saxlanması zamanı müfəttişlər table silahından istifadə etməyə məcbur olublar. “PTS” gəmisi ilə yanaşı “Yamaha-55” markalı motorla işləyən iki “Proqress” tipli qayıq da ələ keçirilib. Müfəttişlər saxlanan gəmi və qayıqlarda qeyri-qanuni ovlanmış nərəkimilər fəsiləsinə aid balıqlar, istifadəsi qadağan edilmiş çoxqarmaqlı “koloda” tipli tor, kürü qablaşdırmaq üçün xüsusi konserv qutuları və digər ov ləvazomatı aşkar ediblər. Bundan başqa reyd keçirilən rayonda nərə balıqlarının ovlanması üçün qurulmuş 50 tor dəsti də müfəttişlər tərəfindən götürülüb. Əldə olunan materiallar araşdırılmaq üçün hüquq-mühafizə orqanlarına təhvil verilib, faktla bağlı təhqiqat davam edir.

Moskvada “İslam terrorizmə qalib gələcək” adlı beynəlxalq konfrans işə başlayıb

Moskvada “İslam terrorizmə qalib gələcək” adlı beynəlxalq konfrans işə başlayıb. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, QMİ sədri Hacı Allahşükür Paşazadə iş qrafiki ilə əlaqədar konfransa qatılmasa da, tədbirdə onun məruzəsi səslənib. Konfransı İslam Mədəniyyəti, Elmi və Təhsilinə Dəstək Fondu təşkil edib. Tədbirdə ekstremizm və terrorizmi pisləyən qətnamə qəbul ediləcək, terrorizmlə ideoloji mübarizə üzrə daimi fəaliyyət göstərən qeyri-formal beynəlxalq işçi qrupu yaradılacaq.


Ağ ciyər vərəmindən müalicə olunan məhkum dünyasını dəyişib

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin vərəmli məhkumların müalicə olunduğu İxtisaslaşdırılmış Müalicə Müəssisəsində cəza çəkən Müzəffərov Kənan Qurban oğlu dünyasını dəyişib. Xəbərə görə, məhkum iyunun 30-da uzun sürən xəstəlikdən sonra vəfat edib. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumatı təsdiqləyiblər. Şöbədən qeyd olunub ki, məhkum müəssisədə ağ ciyər vərəmindən müalicə olunub.

Azərbaycanın 88 sülhməramlı hərbçisi rotasiya qaydasında İraqa yola salınıb

İyulun 2-də 88 nəfərdən ibarət Azərbaycan sülhməramlısı rotasiya qaydasında İraqa yola salınıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib. Onun sözlərinə görə, yaxın günlərdə eyni sayda sülhməramlımız xidmətlərini başa vuraraq İraqdan Azərbaycana yola düşəcəklər. Qeyd edək ki, İraqda sülhyaratma əməliyyatlarında Azərbaycanın 150 sülhməramlısı xidmət edir.

Eldar Sabiroğlu: “Azərbaycan və Ermənistan müdafiə nazirlərinin Bişkek görüşü əvvəlcədən planlaşdırılmayıb”

“Azərbaycan və Ermənistan müdafiə nazirlərinin Bişkek görüşü əvvəlcədən planlaşdırılmayıb”. Bu açıqlamanı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu verrib. Onun sözlərinə görə, Bişkekdə MDB Müdafiə Nazirləri Şurasının 54-cü toplantısı zamanı Ermənistanın müdafiə naziri Sergey Ohanyan Azərbaycanın müdafiə naziri Səfər Əbiyevə foyedə yaxınlaşaraq ondan itkin düşmüş vətəndaşların axtarışı ilə bağlı müzakirələr aparmağı xahiş edib: “Səfər Əbiyev cavab olaraq bildirib ki, hər hansı məsələ ətrafında müzakirələr aparmağın mümkünlüyü işğal altında olan Azərbaycan torpaqları azad edildikdən, müharibə qurtardıqdan sonra baş tuta bilər”.

Aqil Xəlil məcburi şəkildə Strekalinin məhkəməsinə gətirilib

Bu gün Nəsimi rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlilə xəsarət yetirməkdə təqsirləndirilən Sergey Strekalinin cinayət işi üzrə məhkəmə prosesi başlanıb. “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlil polislər tərəfindən məhkəməyə gətirilib. Amma o, vəkili gəldikdən sonra məhkəmənin başlanması ilə bağlı vəsatət qaldırıb. Müxbirin vəsatəti təmin olunub. Hal-hazırda prosesə fasilə verilib.
Qeyd edək ki, S. Strekalin Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama) maddələri ilə ittiham olunur.

Azərbaycan-Gürcüstan sərhədinin Balakən rayonu ərazisində iri tonnajlı yük maşınlarının hərəkətində artım müşahidə olunur

“Qırmızı körpü”nün bir hissəsinin çökməsindən sonra Azərbaycan-Gürcüstan sərhədinin şimal-qərb hissəsində qonşu ölkədən gələn nəqliyyatın, xüsusilə iri tonnajlı yük maşınlarının hərəkətində artım müşahidə olunur. Balakən rayon İcra Hakimiyyətindən verilən məlumata görə, ötən gün qonşu ölkədən Azərbaycana gələn nəqliyyat axınının çoxalması rayonun “Mazım” gömrük buraxılış məntəqəsində qısa müddətli növbə yaradıb. Görülən tədbirlər nəticəsində nəqliyyatın maneəsiz hərəkəti şərait yaradılıb və yaranmış növbə aradan qaldırılıb. Lakin buna baxmayaraq hələ də Gürcüstandan Azərbaycana əsasən iri tonajlı yük maşınlarının axını davam edir.

 

Azərbaycanda ilan sancmaları artıb

Son aylar Azərbaycan ərazisində ilan sancmalarının sayı çoxalıb. Klinik Tibb Mərkəzinin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki aprel ayından indiyə kimi şöbəyə ilan sancması faktı ilə bağlı 12 müraciət daxil olub. O, müraciət edənlərin əsasən Lənkəran, Qəbələ, Bərdə rayonlarından və Bakı ətrafından olduğunu bildirib. Hazırda şöbədə ilan sancan bir xəstə müalicə olunur. A. Maqsudov hələlik ilan sancmasından ölüm halı qeydə almadıqlarını söyləyib.

 

Gəncənin doğum evləri və uşaq poliklinikaları kompüterlərlə təchiz olunub

Gəncədə fəaliyyət göstərən bütün doğum evləri və uşaq poliklinikalarına kompüterlər paylanıb. Gəncə şəhər Səhiyyə İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, ilkin olaraq hər müəssisəyə 2 kompüter dəsti verilib. İyunun 25-dən etibarən Gəncədə yeni doğulan uşaqların sağlamlığına aid olan bütün məlumatlar vahid kompüter sistemində öz əksini tapır. Qeyd edək ki, 2008-ci ilin sonlarından etibarən Səhiyyə Nazirliyinin təşəbbüsü ilə “Elektron Azərbaycan” layihəsi çərçivəsində yeni doğulanlara yaş kağızı ilə yanaşı elektron kartlar da paylanacaq.

Lənkəranda tikilən yeni istirahət kompleksi gələn ay istifadəyə veriləcək

Lənkəranın Göyşaban kəndi ərazisində inşasına ötən ilin sonlarında başlanan yeni istirahət kompleksi avqustda istifadəyə veriləcək. Bu barədə Lənkəran şəhər İcra Hakimiyyəti (ŞİH) aparatının memarlıq və tikinti şöbəsindən məlumat verilib. İkimərtəbəli 19 otaqlı kompleksdə turistlərin istirahəti üçün lazımi şərait yaradılacaq. Burada həmçinin əlavə olaraq 80 yerlik restoran və 18 kottecin tikilməsi nəzərdə tutulur. Gün ərzində 150 nəfərə xidmət göstərmək imkanına malik olacaq obyektdə qonaqların rahatlığını təmin etmək məqsədilə təhlükəsizlik xidməti sutka boyu fəaliyyət göstərəcək.
On səkkiz yaşlı Masallı sakini intihara cəhd göstərib

Masallı rayonunun İsgəndərli kənd sakini, 1990-cı il təvəllüdlü Əzim Məhəmməd oğlu Hüseynov ailə münaqişəsi zəminində özünə bıçaq xəsarəti yetirərək intihara cəhd göstərib. Bu barədə Masallı rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini Rizvan Quliyev məlumat verib. Masallı mərkəzi rayon xəstəxanasına yerləşdirilən Əzim Hüseynovun vəziyyəti hazırda stabildir. Faktla bağlı araşdırma aparılır.

Oğlunun ölümünə dözməyən ana özünü asıb

Qax rayonunda 78 yaşlı qadın özünü asıb. Qax rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. Rayon sakini, 1930-cu il təvəllüdlü Mafizət Əhməd qızı Camalova yaşadığı həyətdə qoz ağacından özünü asaraq intihar edib. Onun intihardan əvvəl məktub yazdığı məlum olub. M. Camalova məktubda gənc oğlunun ölümündən sarsıntı keçirdiyini və bu acıya dözmədiyini yazıb. Faktla bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


Ermənistan xüsusi xidmət orqanlarının Bakı Metropolitenində terror aktı törətməsindən 14 il ötür

Bakı metropoliteninin “28 May” və “Gənclik” metro stansiyaları arasında hərəkət edən qatarda terror aktı törədilməsindən 14 il ötür. 1994-cü il iyulun 3-də törədilən terror aktı nəticəsində 14 nəfər həlak olub, 57 nəfər müxtəlif dərəcədə xəsarət alıb. Təhqiqat nəticəsində terror aktının Dağlıq Qarabağ uğrunda döyüşlərdə əsir düşmüş və Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilmiş Aslanov Azər Salman oğlu tərəfindən törədildiyi müəyyənləşib. Azərbaycan xüsusi xidmət orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində Azər Aslanov Moskvada həbs olunub. Vətənə xəyanət maddəsi ilə mühakimə olunan Azər Aslanov ömürlük həbs cəzasına məhkum edilib.

Xəbərlər | Şərhlər(0)
Baxış sayı: 57
Açar sözlər:
Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha