Xos gelmisiniz!!!

 Hər kəsin insan haqları qorunmalıdır! : Azərbaycanın milli serialları nə vaxt çəkiləcək? - ARAŞDIRMA
Reklam verin!

Azərbaycanın milli serialları nə vaxt çəkiləcək? - ARAŞDIRMA

Yazar: Intigam @ İyul 3, 2008 20:08

               M ə d ə n i y y ə t 

      

·  Azərbaycanlı tarzən italyan musiqiçi ilə birgə konsert verəcək

·  Əli Kərimin Təbrizdə kitabı nəşr olunub

·  Azərbaycanın milli serialları nə vaxt çəkiləcək? - ARAŞDIRMA

·  Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 80-ci teatr mövsümünü başa vurub

                       İ d m a n

                       

·  Tuncay Şanlı Fatih Terimin qızı ilə evlənir?

·  “Jerminal” “Neftçi” ilə oyunlara 7 hücumçu sifariş edir

·  Aqustin Okoça Azərbaycan yığmasının baş məşqçisini tənqid edib

·  UEFA Türkiyə prezidentini 35 min avro cərimələyib

·  Makedoniya mətbuatı: “İnter” klubunun büdcəsi 8 milyon dollardır

·  Boban Babunski: “Azərbaycan çempionu ilə oyunlarda şanslar bərabərdir”

·  Şəhriyar Məmmədyarov Dortmund superturnirində qələbə qazana bilmir

·  Azərbaycan voleybol klublarının Avropa kuboklarında rəqibləri müəyyənləşib

·  UEFA kubokunda “Araz”ı mübarizədən kənarlaşdıran Slovakiya çempionu ikinci dəfə Bakıya gəlir

Mədəniyyət

Azərbaycanlı tarzən italyan musiqiçi ilə birgə konsert verəcək

İstanbulun Yedditəpə Universitetinin müəllimi, azərbaycanlı tarzən Arif Azərtürk (Abdullazadə) italyan musiqiçi Cerardo Balestriyeri ilə birgə konsert verəcək. Türkiyə bürosunun xəbərinə görə, konsert Venesiya şəhərindəki “Teatre nouva”nın sponsorluq etdiyi layihə çərçivəsində baş tutacaq. Eyni layihə çərçivəsində sonrakı konsert Neapol şəhərində olacaq. Proqram avqustun 4-nə qədər davam edəcək. Konsertlərin diski və albomu hazırlanacaq. Layihə çərçivəsində Türkiyə, Fransa və İsveçrədə də konsertlər verilməsi planlaşdırılır. İyulun 22-27-də isə Torino şəhərində keçiriləcək musiqi yarmarkasında Arif Azərtürk Azərbaycan tarını, udunu və türk sazını tamaşaçılara tanıdacaq.
Qeyd edək ki, 1967-ci ildə Bakıda anadan olan Arif Abdullazadə Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasını bitirib. O, 1993-cü ildən bəri Türkiyədə yaşayır. Türkiyə Mədəniyyət Nazirliyində və Qaziantəp Konservatoriyasında işləyib. Hazırda Yedditəpə Universitetində musiqi dərsi verir.


Əli Kərimin Təbrizdə kitabı nəşr olunub

Azərbaycan şairi Əli Kərimin Təbrizdə “Qaytar, ana borcunu” adlı şer kitabı nəşr olunub. Şairin oğlu Paşa Əlioğlunun verdiyi məlumata görə, kitab “Əxtər” nəşriyyatında, Azərbaycan dilində işıq üzü görüb. Nəşrdə müəllifin müxtəlif illərdə yazdığı şerlər və onlara çəkilmiş illüstrasiyalar yer alıb. Qeyd edək ki, nəşriyyat Ə. Kərimdən əvvəl Nüsrət Kəsəmənlinin şer kitabını da Azərbaycan dilində çap edib.

Azərbaycanın milli serialları nə vaxt çəkiləcək? - ARAŞDIRMA

Ən kiçik həcmli teleserialın çəkilişi üçün minimum 200-250 min manat vəsait tələb olunur

Azərbaycan telekanallarında əcnəbi dillərdə proqramların yayımına qadağa qoyulmasının milli film və serial bazarının sürətli inkişafına təkan olacağı gözlənilsə də, proqnozlar özünü doğrultmadı. Azərbaycan tamaşaçılarının çox böyük həvəslə gözlədiyi milli serialların istehsalında hələ də lənglik və passivlik müşahidə olunur. Araşdırmalar nəticəsində Azərbaycanda hələ də serial bazarının olmadığı üzə çıxıb. Azərbaycan Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyevin fikrincə, bu sahənin inkişafı üçün yaradıcı potensial olsa da, pul və sifariş yoxdur: “Serialları telekanallar sifariş edir. Onlar bilirlər ki, nümayiş zamanı yerləşdirilən reklamlar vasitəsilə qoyulan xərci çıxaracaqlar. Məsələn, Rusiyada imkanlı telekanal serial sifariş edir, nümayişdən qoyduğu xərci çıxarandan sonra isə filmi kiçik kanallara satır. Bizdə telekanallar arasında böyük rəqabət və serialları çəkib, sonra istehsala buraxmaq mexanizmi yoxdur, reklam bazarı da çox zəifdir”. Teleserialların kütləvi xarakter daşıdığını deyən H. Mehdiyev bu filmlərin elitar səviyyəyə dəxli olmadığını, amma dünyada belə filmlərə tələbat olduğunu vurğulayıb: “Bizim istəyimizdən asılı olmayaraq, əgər tələbat varsa, onda tamaşaçıya professional səviyyədə, zövqlü əsərlər təqdim olunmalıdır. Məni cəlb edən ssenari olsa, çəkərəm. Çoxseriyalı filmlərin istehsalı üçün bizdə yaxşı aktyor, rejissor, operator var, bircə pul yoxdur. Biz özümüzünkülərə pul vermirik, kənardan gələnlərə isə qızıl dolu sandıq bağışlayırıq”.
Xalq artisti, rejissor Ramiz Həsənoğlu Azərbaycanda professional prodüser mərkəzlərinin yoxluğunu bu prosesi ləngidən əsas səbəb kimi görür: “Prodüser bütün ağırlığın altına girən, yaxşı ssenari, operator, rejissor, aktyor tapan, bazara girə bilən adamdır, bir sözlə istehsalçıdır. Prodüser təkcə aparıcı qüvvə deyil, həm də yaradıcılığın stimuludur”.
“Aqil M. Film” Prodüser Mərkəzinin rəhbəri Aqil M. Quliyev isə prodüser mərkəzlərinin sifariş əsasında işlədiyini və bu prosesin birbaşa Azərbaycan telekanallarının büdcəsindən asılı olduğunu bildirib: “Telekanalların maliyyəsi serial almaq imkanına malik olmayınca, bu sahə bir biznes şəklini almayınca, milli serialların istehsalı baş tutmayacaq. Serial yaradıcılıq deyil, serial ciddi, peşəkar istehsalatdır. Bəziləri bunu klip, tamaşa çəkilişi ilə qarışıq salır. Halbuki serial çəkmək asan iş deyil. Bizim sahədə məktəb ölüb, köhnə aktyor məktəbinin nümayəndələrini, bütün gücümüzü toplamaqla bugünkü vəziyyətdə yalnız bir serial çəkə bilərik. 13 seriyadan artıq film artıq teleserialdır. Ondan az olanlar çoxseriyalı televiziya tamaşasıdır. Ona görə də ən kiçik teleserialın – yəni 15 seriyalı filmin çəkilişi üçün minimum 200-250 min manat vəsait tələb olunur. Bundan az büdcə ilə serial çəkilişinə başlamaq olmaz. Milli serialın çəkilməsi ən tez 3 ilə gerçəkləşə bilər”.
Teleseriallar televiziya tamaşaçıları üçün nəzərdə tutulduğuna görə, telekanallarımızda bu istiqamətdə görülən işlərlə maraqlandıq, Azərbaycan teleməkanında bu prosesin ləng inkişafının səbəblərini öyrənməyə çalışdıq. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) aktyor-rejissoru Elçin Cahangirlinin sözlərinə görə, AzTV-də teleserialların istehsalı ilə bağlı ayrıca qurum yaradılıb: “Bizim televiziyada teleserialların çəkilişinə ciddi hazırlıq görülür, müasir texniki təchizat yaradılıb. Müasir tamaşaçı ağır mövzulu suallar istəmir, daha çox yüngül mövzulu seriallara üstünlük verir. Xarici serialların mövzusu çox primitivdir, belə seriallar adamları artıq yorub. Dünyada 12 süjet xətti var, ona görə də oxşarlıq və yeknəsəklikdən qaçmaq olmur. Amma hər rejissor öz yozumunu, real həyatı bu mövzuya əlavə edəndə maraqlı sənət işi alınır”. Həmkarlarından fərqli olaraq, E. Cahangirli hazırda yaradıcılıq potensialının azlığını ən böyük problem adlandırıb.
İctimai Televiziya və Radio Verilişləri Şirkətinin (İTV) ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin rəhbəri Tahir Məmmədov bu telekanalın teleserialların çəkilişləri ilə bağlı planlarının olduğunu bildirib: “Ancaq bu, böyük maliyyə vəsaiti tələb edən layihədir. Telekanalımızın hazırkı maliyyə imkanları bu istiqamətdəki fəaliyyətimizi məhdudlaşdırır. Hələlik kiçik ssenarilər əsasında 5-10 seriyalı filmlərin çəkilişini düşünürük. Azərbaycanda yaxşı ssenaristlər və lazımi aktyor heyəti var, ancaq peşəkar rejissor azdır. Ümumiyyətlə, hazırda peşəkar rejissor sarıdan müəyyən problemlər mövcuddur. Müasir tələbata uyğun serialların çəkilməsi üçün həm də ən müxtəlif hadisələrin cərəyan etdiyi məkanların olması, geyim, qrim və s. məsələlərin də peşəkar səviyyədə həlli lazımdır. Bütün bunlar isə birbaşa maliyyə vəsaiti ilə bağlı olan məsələlərdir”.
“Azad Azərbaycan” telekanalının (ATV) musiqi departamentinin rəhbəri Həsən Abdullayev serial çəkilişlərinə hazırlıq görüldüyünü, hələlik ssenarilərin seçildiyini, “Lider” telekanalının baş prodüseri Murad Dadaşov isə kanalın istənilən yerli istehsalçı şirkətlə əməkdaşlığa hazır olduğunu deyib: “Bu gün Azərbaycan reallığında serial istehsalı hələlik gəlirli iş deyil, çünki serialların əsas sifarişçisi olan telekanalların reklam bazarı yüksək səviyyədə deyil. Bir məsələni də qeyd edim ki, türk seriallarının daha ucuz qiymətə olması milli serial istehsalını ləngidir, yəni türk istehsalçılar filmə çəkilən xərci artıq götürüblər, ona görə də filmləri qonşu ölkələrin telekanallarına ucuz qiymətə satırlar. İndi türklər bizim bazarla daha yaxından tanış olublar, ona görə onların da qiymətləri qaldıracağı gözlənilir”.
“ANS” Şirkətlər Qrupunun nəzdində fəaliyyət göstərən “Bakıfilm” studiyasının baş redaktoru Mailə Muradxanlı mütəxəssis və kadr çatışmazlığının çəkilişlərə ciddi təsirini xüsusi qeyd edib: “Özümüzü aldatmaq lazım deyil, film istehsalı üzrə mütəxəssislərimizin hərəsi bir yana dağılıb, çəkilişlərdə mütəxəssis qıtlığı açıq-aşkar üzə çıxır. Amma serial çəkilişlərinə başlamaq lazımdır, ən azı yavaş-yavaş işlək komanda formalaşacaq. Bizim ilk serialımız uğursuz oldu, indi “Qızlar” serialı yeni versiyada hazırlanır. Ssenarini və rejissoru dəyişmişik, yeni filmin 24 seriyadan ibarət olması nəzərdə tutulur. Yaxın vaxtlarda isə “Qoç döyüşü” adlı 12 seriyalı film tamaşaçılara təqdim olunacaq”.
“Xəzər” Televiziyasının proqramlar koordinatoru Nazim Şərbətov çəkidkləri ilk seriallarının təqdimatına başlandığını deyib: “Bu seriallar bir növ “Sirlər dünyası”nın Azərbaycansayağı variantıdır. Gələcəkdə vahid süjet xətli serialların çəkilişini nəzərdə tuturuq, hələlik çəkilişləri sifariş edirik. Yaxın 1-2 il ərzində ən müasir avadanlıqların alınması və yüksək səviyyəli çəkilişlərin aparılması nəzərdə tutulur”.
“Space” telekanalında isə bu istiqamətdə görülən işləri aydınlaşdıra bilmədik, müvafiq bölmə rəhbərləri məsələ ilə bağlı hər hansı açıqlama vermək səlahiyyətlərinin olmadığını bildirdilər.
Telekanalların büdcəsi hələlik serial istehsalının sürətlənməsinə imkan vermir, bəs bu prosesin inkişafı üçün dövlət səviyyəsində hər hansı yardım nəzərdə tutulurmu? İlk növbədə güman Mədəniyyət və Turizm Nazirliyinə gəlsə də, nazirliyin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov çoxseriyalı filmlərin çəkilişi ilə bağlı nazirliyə təkliflərin daxil olmadığını bildirib: “Bu, birbaşa televiziya kanalları ilə bağlı məsələdir, biz isə onların işinə qarışmırıq. Teleserialların istehsalı sənət hadisəsi olmaqla yanaşı, kommersiya xarakteri daşıyır. Ona görə də bu sahənin biznesi özünü doğrultmayınca, inkişafı da mümkün olmayacaq”.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli də yeni serialların çəkilməsinin onların səlahiyyətlərinə aid məsələ olmadığını vurğulayıb: “Bu, bazar iqtisadiyyatı çərçivəsində həyata keçirilməlidir. Amma biz əcnəbi dillərdə proqramların yayımına qadağa tətbiq edəndə dövlətə də müraciət etdik ki, dövlət müəyyən qədər bu prosesin başlaması üçün öz dəstəyini versin. Biz çox istərdik ki, yayımda Azərbaycan dilində olan filmlərin sayı artsın, çünki bizim qərarımız inzibati xarakter daşıyır. 2009-cu ildən bu maddələr daha da sərtləşəcək, ona görə də kanallar indidən bu istiqamətdə öz işlərini görməlidirlər”.
Araşdırma nəticəsində belə məlum oldu ki, Azərbaycan tamaşaçısının professional, səviyyəli milli seriallarımızı izləməsi hələlik mümkün deyil. Qonşu və digər ölkələrin telekanallarında Azərbaycan seriallarının yayımlanmasına isə hələ lap çox qalıb...


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 80-ci teatr mövsümünü başa vurub

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 80-ci teatr mövsümünün bağlanış mərasimi keçirilib. Məlumata görə, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən mövsümün bağlanışında teatrın direktoru, əməkdar artisti Mübariz Həmidov, xalq artisti Firəngiz Şərifova çıxış ediblər. Bağlanışda xalq şairi S. Rüstəmin “Çimnaz xanım yuxudadır” komediyası nümayiş etdirilib. Tamaşda xalq artisti Yasin Qarayev, əməkdar artist Naibə Allahverdiyeva, artistlərdən Vahid Əliyev, Atabala Səfərov, Elşən Rüstəmov, Elnur Hüseynov, Günel Məmmədovas əsas rolları ifa ediblər. Teatrın yeni 81-ci mövsümünün açılışının bu ilin sentyabrında əsaslı təmir olunan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binasında keçirilməsi planlaşdırılır.

İdman

Tuncay Şanlı Fatih Terimin qızı ilə evlənir?

Avro-2008-də uğurlu çıxışı ilə könülləri fəth edən Türkiyə yığmasının futbolçuları çempionatın yorğunluğunu çıxarmaqla məşğuldurlar. Türkiyə mətbuatına istinadən məlumatına görə, Rüştü Rəncbər və Semih Şəntürk dünən xanımları ilə birgə İbrahim Tatlısəsin Bodrumda verdiyi konserti seyr ediblər. Onlarla eyni masada Türkiyə milli komandasının baş məşqçisi Fatih Terimin qızı Mərvə və hücumçusu Tuncay Şanlı da olub. Media nümayəndələri ulduz futbolçuların şəklini çəkməyə başlayanda, Mərvə ilə yanaşı oturan Tuncay bundan rahatsız olub və jurnalistlərdən şəkilləri fotoaparatın yaddaşından silməyi tələb edib. Qeyd edək ki, Fatih Terim də hazırda xanımı ilə birgə Bodrumda dincəlir.


“Jerminal” “Neftçi” ilə oyunlara 7 hücumçu sifariş edib
 

Belçikanın “Jerminal” klubunun İntertoto kubokunun ikinci mərhələsində “Neftçi” ilə matçlarda iştirak edəcək heyəti açıqlanıb. Belçikalıların baş məşqçisi Arm van Veldhovenin təmsilçimizlə oyunlarda sərəncamında 25 futbolçu olacaq.
Arxa xətdə yerli futbolçulara güvənən “Jerminal”ın 3 qapıçı və 8 müdafiəçisi arasında yalnız 1 legioner yer alıb. Kot D’İvuarlı Nzelo Lembi istisna olmaqla, digər əcnəbilərin hamısı orta və ön xətdə çıxış edəcək. “Jerminal”ın 7 oyunçudan ibarət yarımmüdafiəsini isə beynəlmiləl adlandırmaq olar. Braziliya, Qana, Kamerun, Kolumbiya və Seneqaldan olan orta xətt futbolçuları ilə yanaşı, bir yerli yarımmüdafiəçi də klubun iştirak ərizəsinə daxil edilib. Hücum xəttində 3 afrikalı, 3 belçikalı və 1 italiyalı yer alıb. Ümumilikdə, 25 futbolçusundan 7-nin ön xətt oyunçusu olması, Belçika təmsilçisinin “Neftçi” ilə matçlarda hücum futboluna üstünlük verəcəyini göstərir.
Qeyd edək ki, “Jerminal”ın iştirak ərizəsində yer alan 25 oyunçudan 11-i legionerdir.

Qapıçılar: Kristof Maes, Kenni Stip, Sem Vermeylen;

Müdafiəçilər: Kurt Van Dooren, Peter Yan Monteyn, Kris de Vri, Nzelo Lembi, Martin Monteyn, Corce Svetliçiç, Senn Vanderheyden, Didye Diden;

Yarımmüdafiəçilər: Tormena Ederson, Daniel Kruz, Kinq Osey Qyan, Daniel Ovusu, Yustis Uamfor, Mayk Smet, Xalilu Fadiqa;

Hücumçular: Henri Munyaneza, Vinçentso Verhoven, Tosin Dosunmu, Pol Kpaka, Bartolomeo Ferrara, Sanharib Sabah Malki, Qaetan Lamberts.

Aqustin Okoça Azərbaycan yığmasının baş məşqçisini tənqid edib
“Berti Foqtsun milli komandada işlədiyini eşidəndə təəccübləndim”

“Biz Afrika Millətlər Kubokunda yaxşı nəticə qazana bilməzdik. Çünki komandamıza Berti Foqts rəhbərlik edirdi”. Bu sözləri Nigeriya milli komandasının sabiq kapitanı Aqustin Okoça deyib.
Vaxtilə İstanbul “Fənərbaxça”sının şərəfini qoruyan “Cey-Cey” ləqəbli futbolçu Nigeriya mətbuatına müsahibəsində hazırda Azərbaycan yığmasını çalışdıran almaniyalı Berti Foqtsu tənqid edib. 35 yaşlı yarımmüdafiəçi bildirib ki, nigeriyalıların bu ilin yanvarında Qanada keçirilmiş Afrika Millətlər Kubokunda uğursuzluq yaşamalarına B.Foqts səbəbkar olub: “Berti Foqtsun keçmişi onun özü haqqında hər şeyi aydın göstərir. Açığı, Foqtsun yığmamıza baş məşqçi təyin olunduğunu eşidəndə təəccübləndim. Milli komandamıza nə qədər ki, o rəhbərlik edirdi, uğur qazanmağımız qeyri-mümkün idi”.
Qeyd edək ki, Nigeriya yığmasının son 25 ildə Afrika Millətlər Kubokunda göstərdiyi ən nəticə B.Foqtsun dövrünə təsadüf edib. Onun başçısı olduğu kollektiv turnirin 1/4 finalında 10 nəfərlə qalmış Qana komandasına uduzaraq (1:2), mübarizəni erkən dayandırıb. 62 yaşlı çalışdırıcı məhz Afrika Millətlər Kubokundakı uğursuzluqdan sonra Nigeriyadan ayrılaraq, Azərbaycan yığmasında işləməyə razılıq verib.


UEFA Türkiyə prezidentini 35 min avro cərimələyib

UEFA Türkiyə prezidenti Abdullah Gül və onu müşayiət edən heyətin Avropa çempionatının maçlarından sonra Türkiyə milli komandasının soyunma otağına girməsini qanunsuzluq kimi dəyərləndirib. Türkiyə Futbol Federasiyasının akrreditə işləri üzrə məsul şəxsi Cem Akdağ UEFA-nın bu səbəbdən federasiyanı 35 min avro cərimələdiyini bildirib.
Onun sözlərinə görə, soyunma otaqlarına akkreditə olunmayan heç kəsin daxil olmaq haqqı yoxdur. Türkiyə prezidenti və onu müşayiət edən şəxslər milli komanda oyunçularını təbrik etmək üçün soyunma otağına girdikləri üçün federasiya 35 min avro cərimə ödəməli olacaq.

 

Makedoniya mətbuatı: “İnter” klubunun büdcəsi 8 milyon dollardır

“Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Rabotniçki” klubunun rəqibi “İnter” komandasının büdcəsi 8 milyon dollardır. Klubun sponsoru Cahangir Hacıyevin rəhbərlik etdiyi Azərbaycan Beynəlxalq Bankdır”.Məlumata görə, avrokubokların püşkatmasından sonra makedoniyalı jurnalistlər Bakının “İnter” klubuna xüsusi yazı həsr edib. Çempionlar Liqasında Makedoniya çempionu “Rabotniçki” komandasının rəqibi olan “İnter” haqda rəqib düşərgədə kifayət qədər məlumat toplanıb: “Prezidenti bolqarıstanlı Georgi Nikolov olan klub 2004-cü ildən “İnter” adını daşıyır. 1997-ci ildə “Xəzər” adı ilə yaranan “İnter” ev oyunlarını 15000 tamaşaçı tutan süni örtüklü “Şəfa” stadionunda keçirir”.
Arenanın əslində 7852 tamaşaçı tutduğunu bilməyən makedoniyalılar komandanın əvvəlki adı ilə bağlı da yanılır. Əvvəllər “Xəzər” deyil, “Xəzər Universiteti” adlanan “İnter”in heyətində olan legionerlərə və milli üzvlərinə də toxunan həmkarlarımız komandanın son transferlərindən də xəbərsizdir. Belə ki, makedoniyalılar müvafiq olaraq bir və yarım il əvvəl komandanı tərk edən Toni Aleqbe ilə Milan Zaqorats, həmçinin klubu yeni tərk edənlər - Cahangir Həsənzadə, Ruslan Abbasov, Andrius Gedqaudas və Tomas Rajanauskasın hələ də “İnter”in sıralarında olduğunu düşünür. Hazırda Türkiyədə olan “İnter”in yerli “Sivasspor” klubunu 2:0 hesabı ilə məğlub etdiyindən də xəbərdar olan həmkarlarımız 9 il əvvəl Çempionlar Liqasında “Sloqa Yuqomaqnat” klubunun “Kəpəz” səddini uğurla aşdığını da xatırladıb.


Boban Babunski: “Azərbaycan çempionu ilə oyunlarda şanslar bərabərdir”
 

“Birinci təsnifat mərhələsində komandamızın “İnter” səddini aşmaq şansı 50 faizdir. Rəqib adına görə zəif komanda təsiri bağışlasa da, mütəşəkkil komandadır. Fikrimcə, hər iki komanda növbəti mərhələyə yüksələ bilər”.
Bu sözləri Bakının “İnter” klubunun Çempionlar Liqasının ilkin mərhələsində rəqibi olan Makedoniyanın “Rabotniçki” komandasının baş məşqçisi Boban Babunski deyib. O, Azərbaycan çempionu haqda daha çox məlumat toplamağın vacib olduğunu bildirib: “Bizim üçün “İnter” naməlum komanda sayılır. Çünki bakılılar haqda yalnız ümumi məlumatımız var. Tanımadığımız rəqib haqda artıq ilk oyunadək informasiya toplamağa çalışacağıq. Bizim üçün hal-hazırda ən vacib olanı budur”.
Qeyd edək ki, “İnter” - “Rabotniçki” matçı iyulun 15-də keçiriləcək.


Şəhriyar Məmmədyarov Dortmund superturnirində qələbə qazana bilmir

Almaniyanın Dortmund şəhərində təşkil olunan şahmat üzrə sayca 36-cı superturnirdə 4-cü turun oyunları keçirilib. Yarışda Azərbaycanın şərəfini qoruyan Şəhriyar Məmmədyarov ardıcıl dördüncü heç-heçəsini rəsmiləşdirib. O, qara fiqurlarla almaniyalı Arkadi Naydiçlə görüşdə yarım xalla kifayətlənib. Hesabat turunda yeganə qələbəni Rusiya təmsilçisi Yan Nepomnyaşi hollandiyalı Luk van Veli üzərində qazanıb. Vladimir Kramnik (Rusiya) - Peter Leko (Macarıstan) və Yan Qustafsson (Almaniya) - Vasili İvançuk (Ukrayna) qarşılaşmalarında isə bərabərlik qeydə alınıb. Hazırda Ş.Məmmədyarov A.Naydiç və V.Kramniklə birgə 2 xalla 4-6-cı yerləri bölüşdürür. Bu gün superturnir iştirakçıları istirahət edirlər. Sabah 23 yaşlı beynəlxalq qrossmeysterimiz ağ fiqurlarla sabiq dünya çempionu Vladimir Kramnikə qarşı oynayacaq. Ümumilikdə, 7 turdan ibarət yarış iyulun 6-da yekunlaşacaq.


Azərbaycan voleybol klublarının Avropa kuboklarında rəqibləri müəyyənləşib

Azərbaycan voleybol komandalarının növbəti qitə kuboklarında rəqibləri müəyyənləşib. Avropa Voleybol Konfederasiyasının (CEV) Lüksemburqdakı mənzil-qərargahında atılan püşkə əsasən, qadınlardan ibarət “Azərreyl” klubu CEV kubokunda mübarizəyə 1/16 final mərhələsindən başlayacaq.
Baş məşqçi Faiq Qarayevin yetirmələri bu mərhələdə Hollandiyanın “Longa 59” komandası ilə qarşılşacaq. Komandamız Hollandiya təmsilçisi üzərində qələbə qazanacağı təqdirdə, 1/8 finalda “Uraloçka” (Rusiya) – “Roşevil” (Fransa) cütünün qalibi ilə qarşılşacaq.
“Çağırış” Kubokunda ölkəmizi təmsil edəcək Bakının “İqtisadçı” Kiprin “Limasol”, “Rabitəçi” isə Finlandiyanın “Viesti” komandası ilə üz-üzə gələcək.
Qitə miqyaslı turnirlərdə ilk oyunlar noyabrın 4, 5 və ya 6-da, cavab matçları isə bir həftə sonra baş tutacaq


UEFA kubokunda “Araz”ı mübarizədən kənarlaşdıran Slovakiya çempionu ikinci dəfə Bakıya gəlir

Azərbaycan çempionu “Araz” klubunun UEFA kubokundakı rəqibləri müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən və rekord sayda - 45 kollektivin qatıldığı ilkin və əsas mərhələlərinin püşkatmasında Naxçıvan komandasının adı birinci səbətdən çıxarılıb. Böyükağa Hacıyevin rəhbərlik etdiyi kollektiv mübarizəyə əsas mərhələdən qoşulacaq. Altıncı qrupda yer alan “Araz” Slovakiya çempionu “Slov-Matik Fofo” və İsveçin ən güclüsü “Şkövde” ilə qarşılaşacaq. Komandamızın üçüncü rəqibi isə ilkin mərhələnin C qrupunun qalibi olacaq. Bu qrupda “Nadin” (Bolqarıstan), “Elita Totova” (Makedoniya) və “İpsviç” (İngiltərə) klubları qüvvələrini sınayacaqlar. Rəqiblər arasında “Slov-Matik Fofo” komandamıza tanışdır. Avropanın ən güclü 9-cu klubu olan “Araz” 2007-ci ildə UEFA kuboku çərçivəsində slovakiyalıları sınağa çəkib. Ötən ilin sentyabrında Bakıda keçirilmiş yarışda futzalçılarımız məhz “Slov-Matik Fofo”ya uduzaraq (3:4) mübarizəni vaxtından qabaq dayandırmışdılar. Bu dəfəki turnirin də əsas mərhələsi 6-14 sentyabr aralığında Bakıda keçiriləcək. Elit mərhələyə vəsiqə qazanmaq üçün “Araz” qrupda ilk iki yerdən birini tutmalıdır.

Idman, Mədəniyyət | Şərhlər(0)
Baxış sayı: 77
Açar sözlər:
Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha