Azərbaycan valyutasının məzənnəsi iyun ayında 1,06% möhkəmlənib
İ q t i s a d i y y a t 

· İyunda Azərbaycanda 16 vergi ödəyicisinin ƏDV qeydiyyatı ləğv edilib
· Azərbaycanın iqtisadi inkişaf naziri BP şirkətinin iqtisadçıları ilə görüşüb
· Azərbaycan Dövlət Neft Şirkəti Xəzərdə magistral nəql şəbəkəsinə qoşulan yeni neft kəməri istismara verib
· Azərbaycanlı İT mütəxəssislər üçün Koreyada keçiriləcək 5 illik təhsil kurslarında iştirak etmək təklif olunub
· Azərbaycan Milli Elmlər Akademiyası Mərdəkan dendrarisinin yenidən qurulmasına dair tender keçirir
· Xəzər Dəniz Neft Donanması «Neftqaz» tipli gəmiləri üçün avadanlıq və ehtiyat hissələrinin alınması ilə bağlı tender keçirir· Sentyabrda Bakıda yeni metro stansiyası açılacaq
· Bakı Metropoliteninin «İçərişəhər» stansiyasında yenidənqurma işləri avqustda başa çatacaq
· Təbii qazın qiyməti neftin səviyyəsinə çata bilər
· May ayında Azərbaycanda ən çox «Elektrik enerjisindən istifadə Qaydaları»nın pozulması faktı Şirvanda qeydə alınıb
· Azərbaycanın şimal-qərb bölgəsində Gürcüstandan gələn nəqliyyatın hərəkətində artım müşahidə olunur
· Bakı-Abşeron və Sumqayıt çimərliklərində keçirilən monitorinqlər başa çatıb
· Azərbaycan yanvar-iyun aylarında gömrük vergi və rüsumlarının tolanmasını 54% artırıb
· Gələn Azərbaycan Rusiyadan daha 10 metro vaqonu alacaq
· Sabah Bakıda Azərbaycan-Çexiya biznes-forumu keçiriləcək
· Bakı-Gürcüstan sərhədi avtomobil magistralında daha bir dairəvi yolun yenidən qurulması iyulun sonunda başa çatacaq
· Bakı Banklararası Valyuta Birjasının dövriyyəsi iyun ayında 2,3 dəfə artıb
· Azərbaycan valyutasının məzənnəsi iyun ayında 1,06% möhkəmlənib
· Gələn ildən Azərbaycanda uşaq bağçaları, peşə, orta ixtisas və ali təhsil məktəbləri İnternetə qoşulacaq
İyunda Azərbaycanda 16 vergi ödəyicisinin ƏDV qeydiyyatı ləğv edilib Sentyabrda Bakıda yeni metro stansiyası açılacaq
Cari ilin iyun ayında Azərbaycan Vergilər Nazirliyi tərəfindən ümumilikdə 16 vergi ödəyicisinin əlavə dəyər vergisi (ƏDV) qeydiyyatı ləğv edilib. Bu barədə Vergilər Nazirliyindən məlumat verilib.
ƏDV qeydiyyatı ləğv edilmiş vergi ödəyiciləri arasında prezident yanında Xüsusi Tibb İdarəsinin Stomatoloji Mərkəzi, «Bovis Land Leas International» şirkətinin Azərbaycan filialı, «Compass Azerbaijan» şirkəti və s. var.
Cari ilin may ayında isə 20 vergi ödəyicisinin ƏDV qeydiyyatı ləğv edilib ki, onların da arasında «Əcza-depo-7», «Azərsutikinti» ASC-nin Abşeron İxtisaslaşdırılmış səyyar mexanikləşdirilmiş törəmə müəssisəsi, «Aypara» mənzil tikinti kooperativi, «Anqlo-Amerikan-Development Compani» şirkətinin Azərbaycandakı filialı, Türkiyənin Azərbaycandakı səfirliyi, «Procter & Gambl Eastern Europe Ink.» şirkətinin filialı, «Gəncə Elektrikquraşdirma-4» ASC, Xəzər Dəniz Gəmiçiliyinin Mənzil Kommunal Təsərrüfat Idarəsi, Xəzər Dəniz Gəmiçiliyi Xəzər Hövzə Dəniz Yolları Idarəsi və s. var.
Ümumilikdə isə 2005-ci ildən bu günədək 6 305 vergi ödəyicisinin ƏDV qeydiyyatı ləğv edilib.
Azərbaycanın iqtisadi inkişaf naziri BP şirkətinin iqtisadçıları ilə görüşüb
Şirkətin makroiqtisadçısı Tit Erkerin də iştirak etdiyi görüşdə BP şirkəti tərəfindən hazırlanmış «Dünya Enerjisi 2008» hesabatı dinlənilib və fikir mübadiləsi aparılıb. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
H.Babayev qeyd edib ki, bir sıra beynəlxalq layihələrin fəal iştirakçısı olan Azərbaycan daxili tələbatını ödəməklə yanaşı, həm də neft-qaz ehtiyatlarını dünyanın bir sıra ölkələrinə ixrac edir. Dünya iqtisadiyyatı, xüsusilə də enerji sahəsi sürətlə inkişaf etdiyindən proqnozlar və hesabatlar ölkələrin gələcək fəaliyyət planın hazırlanmasında əhəmiyyətlidir. Nazir bildirib ki, proqnozlaşdırmanın iqtisadiyyatdakı rolunun vacibliyini nəzərə alaraq, Nazirliyin bu sahədəki işinin səmərəliliyinin artırılması məqsədilə yeni şöbə yaradılıb.
V.Drebentsov isə BP tərəfindən hazırlanmış «Dünya Enerjisi 2008» statistik bülleteni barədə də məlumat verib. O, bildirib ki, BP şirkəti 57 ildir müntəzəm olaraq dünyada enerji ehtiyatları ilə bağlı statistik təhlillər aparır. Nəşr dünya enerji bazarı ilə əlaqədar araşdırmalar əsasında əldə olunan göstəriciləri də özündə əks etdirir. Nəşrdən hökumətlər, enerji şirkətləri, elm adamları və media tərəfindən istinad sənədi kimi istifadə olunur.
BP təmsilçisi «Dünya Enerjisi 2008» statistik bülletenində əksini tapmış bir sıra göstəricilərə də toxunub. Statistik rəqəmlərə əsasən, dünyanın təsdiqlənmiş neft ehtiyatları 2007-ci ilin sonunda 1 237,9 mlrd. barel olub. Təsdiqlənmiş neft ehtiyatlarının 61%-i Orta Şərq regionu, 11,6%-i isə Avrasiya bölgəsinin payına düşür. Ötən il, keçmiş SSRİ ölkələri istisna olmaqla, digər qrup ölkələrin (OPEC, İƏİT, Avropa İttifaqı) neft hasilatı azalıb.
Görüşün sonunda BP şirkəti tərəfindən hazırlanmış «Dünya Enerjisi 2008» hesabatının təqdimatı keçirilib.
Azərbaycan Dövlət Neft Şirkəti Xəzərdə magistral nəql şəbəkəsinə qoşulan yeni neft kəməri istismara verib
«Neftqaztikinti» trestinin 3 saylı tikinti-quraşdırma idarəsi «Azneft» İstehsalat Birliyinin sifarişi ilə 2346 və 2112 saylı hasilat sahələri arasında magistral nəql şəbəkəsinə qoşulan yeni 10 düymlük neft kəmərini istismara verib. Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən məlumat verilib.
Yeni kəmərin uzunluğu 700 metrdir. «Neftqaztikinti» trestinin Dübəndidəki quraşdırma sahəsində qaynaq edilən borular Xəzər Dəniz Neft Donanmasının gəmiləri vasitəsilə dənizə aparılaraq suyun dibinə salınıb. Ümumilikdə, Trest bu ilin birinci yarısında «Neft Daşları» və «Palçıq Pilpiləsi» yataqlarında 5 yeni boru kəməri inşa edib. Yeni platformalardan istismara verilən quyular bu kəmərlərə birləşdirilir.
Azərbaycanlı İT mütəxəssislər üçün Koreyada keçiriləcək 5 illik təhsil kurslarında iştirak etmək təklif olunub
Azərbaycanlı mütəxəssislər üçün Koreyanın Bilik və İqtisadiyyat Nazirliyi və Seul Milli Universiteti tərəfindən təşkil olunan xarici ölkələri təmsil edən hökumət rəsmiləri və ya tədqiqatçılar üçün təhsil kurslarında iştirak etmək təklif olunub. Bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.
«Qlobal informasiya texnologiyaları siyasəti proqramı» mövzusunda keçirilən kursun müddəti 5 ildir (2 il magistratura + 3 il doktorantura). Kursda iştirak etmək istəyən namizədlər ali təhsilli (bakalavr dərəcəsi) dövlət qulluqçusu olmalı və ya dövlət orqanında işləməli, tam sağlam və ingilis dilini bilməlidir. Namizədlərin seçimi müsabiqə əsasında aparılacaq.
Qeyd edək ki, proqramı əhatə edən bütün xərclər Koreya hökuməti tərəfindən ödəniləcək.
Ətraflı məlumat almaq və proqramda iştirak etmək istəyən şəxslər iyulun 10-dək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strateji planlaşdırma və elmi potensial şöbəsinə müraciət edə və ya 598-07-36 (əlaqələndirici şəxs – Şəbnəm Məmmədova) nömrəli telefonla əlaqə saxlaya bilərlər.
Azərbaycan Milli Elmlər Akademiyası Mərdəkan dendrarisinin yenidən qurulmasına dair tender keçirir
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərdəkan dendrarisinin abadlaşdırılması, su xəttinin çəkilməsi, işıqlandırma, bərpa və s. yenidənqurma işlərinin görülməsi məqsədi ilə açıq tender elan edib. Bu barədə Tender Komissiyasından məlumat verilib.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları maliyyə və texniki imkana malik olmalıdır, müqavilə isə bir il ərzində yerinə yetirilməlidir. Tenderdə iştirak etmək istəyənlər 120 manat məbləğində iştirak haqqı ödəməlidir. Sənədlərin qəbulu iyulun 23-dəkdavam edəcək. Tender təklifləri isə iyulun 30-dək təqdim edilməlidir.
Tender təkliflərinin açılması proseduru iyulun 31-də keçiriləcək.
Xəzər Dəniz Neft Donanması «Neftqaz» tipli gəmiləri üçün avadanlıq və ehtiyat hissələrinin alınması ilə bağlı tender keçirir
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Xəzər Dəniz Neft Donanması «Neftqaz» tipli gəmilərinin təmiri üçün tələb olunan avadanlıqların alınması məqsədi ilə açıq tender elan edib. Bu barədə Tender Komissiyasından məlumat verilib.
Tenderdə iddiaçı kimi iştirak etmək istəyənlər 236 ABŞ dolları məbləğində iştirak haqqı ödəməlidir. Avadanlıqların və ehtiyat hissələrinin dəyəri mal göndərildikdən sonra 1 il ərzində hissə-hissə ödəniləcək.
Tenderdə iştirak etmək istəyən iddiaçılar sənədləri Xəzər Dəniz Neft Donanmasına iyulun 31-dək, tender təkliflərini isə avqustun 7-dək təqdim etməlidir. Tender təklifi ilə yanaşı təklifin ümumi məbləğinin 2%-i həcmində tender təklifinin təminatı təqdim olunmalıdır.
Təklifin qiymətləndirilməsində əsas diqqət ehtiyat hissələrinin qiyməti, spesifik təcrübə (gəmi ehtiyat hissələrinin təchizatı sahəsində), göndərilmə müddəti kimi meyarlara yetiriləcək.
Tender təkliflərinin açılma proseduru avqustun 8-də Xəzər Dəniz Neft Donanmasının inzibati binasında keçiriləcək.
T.Əhmədovun sözlərinə görə, Həzi Aslanov-Memar Əcəmi xətti üzərində yerləşən və şərti adı «Nəsimi» olan stansiyada hazırda son tamamlama işləri aparılır.
T.Əhmədov avqust ayında «28 May» stansiyasından Mirəli Qaşqay küçəsinə yeraltı çıxışın istifadəyə veriləcəyini də bildirib.
Xatırladaq ki, Bakı Metropoliteni 1967-ci ilin noyabr ayında istismara verilib və hazırda 20 stansiyadan ibarətdir. Son 5 il ərzində Bakıda metronun xidmətindən 170 mln. nəfər istifadə edib.
Bakı Metropoliteninin «İçərişəhər» stansiyasında yenidənqurma işləri avqustda başa çatacaq
Bu gündən Bakı Metropoliteninin «İçərişəhər» stansiyasına giriş-çıxış bağlanıb. Bu barədə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov məlumat verib.
T.Əhmədovun sözlərinə görə, sərnişinlərin stansiyaya giriş və çıxışının dayandırılması müvəqqəti xarakter daşıyır və bu stansiyada aparılan yenidənqurma işləri ilə əlaqədardır: «Stansiyada yenidənqurma işlərinə aprel ayında başlanılıb. İşlər hazırda elə vəziyyətə çatıb ki, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün stansiyaya giriş və çıxışı dayandırmalıyıq».
T.Əhmədov avqust ayının ortalarında «İçərişəhər» stansiyasında yenidənqurma işlərinin başa çatacağını və stansiyanın yeni dizaynda istifadəyə veriləcəyini bildirib.
Yenidənqurma işlərindən sonra stansiyanın üzərindəki gümbəz forması piramida ilə əvəz olunacaq.
Qeyd edək ki, Nazirlər Kabinetinin bu il aprelin 25-də qəbul etdiyi qərara əsasən, «Bakı Soveti» stansiyası «İçərişəhər» adlandırılıb. Stansiyada aparılan yenidənqurma işləri aprelin 7-də başlayıb.
Xatırladaq ki, 1967-ci ildə istismara verilən Bakı Metropoliteninin 20 stansiyası var.
Təbii qazın qiyməti neftin səviyyəsinə çata bilər
Dünya bazarında təbii qazın qiyməti neftin qiymətinin səviyyəsinə çata bilər.
Neft İxracatçısı Ölkələri Təşkilatının (OPEC) prezidenti, Əlcəzairin energetika naziri Şəkib Xəlil bəyan edib ki, qaz neftin ardınca bahalaşacaq və gələcəkdə «mavi yanacağın» qiyməti artıq «qara qızıl»ın dəyərinin səviyyəsinədək yüksələcək. Ş.Xəlilin sözlərinə görə, Əlcəzair neft hasilatını azaldaraq, səylərini təbii qazın hasilatında cəmləşdirir.
Qətərin energetika naziri Abdullah əl-Əttiyə isə qeyd edib ki, ekoloji təmiz yanacaq növü olan qaz neftin alternativi sayılır: «Buna görə də qazın qiyməti ən azı neftin qiyməti ilə müqayisə olunacaq səviyyəyə çatmalıdır».
Xatırladaq ki, BP neft şirkətinin məlumatına görə, 2007-ci ildə dünya üzrə neft istehlakının həcmi 1,1% artığı halda, qazın istehlakı 3,1% çoxalıb.
Müqayisə üçün qeyd edək ki, hazırda Böyük Britaniyada qazın qiyməti neftin qiymətinin 86 dollar/barel göstəricisinə ekvivalentdir. Ötən il Birləşmiş Krallıqda qazın qiyməti 38%, neftin dəyəri isə 51% artıb.
May ayında Azərbaycanda ən çox «Elektrik enerjisindən istifadə Qaydaları»nın pozulması faktı Şirvanda qeydə alınıb
Cari ilin may ayında Azərbaycanın enerji şəbəkələrində aparılan yenidənqurma işləri, sayğac-uçot komplektlərinə nəzarətin gücləndirilməsi nəticəsində aprel ayı ilə müqayisədə qayda pozuntuları 90-a yaxın azalıb. Bu barədə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Aparılan reydlər zamanı «Elektrik enerjisindən istifadə Qaydaları»nın pozulmasına görə 1500-ə yaxın akt tərtib edilərək 7 mln. kVt/saatdan artıq itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilib. O cümlədən, Regional Enerji Təchizatı (RET) müəssisələri üzrə İmişli RET-də 300-dən, Kürdəmir RET-də 190, Mingəçevir RET-də 140, Gəncə RET-də 130-dan. Lənkəran RET-də isə 120-dən artıq akt tərtib edilib.
May ayında ən az qayda pozuntusu Şəmkir RET-də, ən çox qayda pozuntusu isə Şirvan RET-in xidmət sahəsində qeydə alınıb. Adıçəkilən RET-lərdə bu göstərici müvafiq olaraq 100 və 500-dən artıq olub.
İtirilmiş elektrik enerjisinin istehlak dəyəri 422 min manatdan çox olub. Tərtib edilmiş aktlar əsasında bunun 70%-ə yaxın hissəsinin ödənilməsi təmin edilib. Ödəniş səviyyəsi ən yüksək Kürdəmir RET-də, ən aşağı isə Mingəçevir RET-də olub. Bu RET-lərdə təyinat üzrə ödəniş müvafiq olaraq 100% və 42% təşkil edib.
Qeyd edək ki, «Azərenerji» ASC üzrə cari ilin yanvar-may aylarında «Elektrik enerjisindən istifadə Qaydaları»nın pozulmasına görə 9390-a yaxın akt tərtib edilərək 43,5 mln. kVt/saata yaxın (istehlak dəyəri 2,6 mln. manatdan artıq) itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilib.
Azərbaycanın şimal-qərb bölgəsində Gürcüstandan gələn nəqliyyatın hərəkətində artım müşahidə olunur
Qırmızı Körpüdən ağır tonnajlı yük maşınlarının hərəkətinin məhdudlaşdırılmasından sonra Azərbaycanın Gürcüstanla sərhəd olan şimal-qərb bölgəsində qonşu ölkədən gələn nəqliyyatın hərəkətində artım müşahidə olunur. Balakən rayon İcra Hakimiyyətindən verilən məlumata görə, ötən gün qonşu ölkədən Azərbaycana gələn nəqliyyat axınının çoxalması rayonun Mazım Gömrük Buraxılış Məntəqəsində qısa müddətli növbə yaradıb. Görülən tədbirlər nəticəsində nəqliyyatın tezliklə postu keçməsi üçün şərait yaradılıb və növbə aradan qaldırılıb. Lakin buna baxmayaraq, hələ də Gürcüstandan Azərbaycana əsasən iri tonajlı yük maşınlarının axını davam edir.
Balakən rayon Mazım Gömrük Buraxılış Məntəqəsindən də bildirilib ki, postda ötən gün yaranmış növbə artıq aradan qaldırılıb və vəziyyət tam nəzarət altındadır.
Qeyd edək ki, Azərbaycan-Gürcüstan sərhədində, Qazax rayonunun ərazisində yerləşən Qırmızı Körpü (Sınıq körpü) iyunun 30-da çöküb. Körpünün 5-10 metr sahəsi çökdüyündən yük maşınlarının buradan hərəkəti dayandırılıb. Hazırda yük maşınları yardımçı körpüdən istifadə edir.
Bakı-Abşeron və Sumqayıt çimərliklərində keçirilən monitorinqlər başa çatıb
Bu barədə ETSN-dən məlumat verilib.
Nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən may-iyun aylarında Bakı-Abşeron və Sumqayıt çimərliklərində ekoloji vəziyyəti araşdırmaq məqsədi ilə 29 nöqtədən götürülmüş 67 su nümunəsi üzərində 484 fiziki-kimyəvi, kimyəvi və mikrobioloji təhlillər aparılıb.
Pirallahı-Nardaran sahil zolağının modul tipli təmizləyici qurğular quraşdırılan ərazilərində aparılmış tədqiqatların nəticələrinə görə, dəniz suyu nümunələrində komponentlərin miqdarı norma daxilində olub. Yalnız Şüvəlan və Buzovna ərazilərində müşahidə edilən zəif çirkliliyin əsas səbəbi gücü 10 min m3/gün olan Buzovna biolojı təmizləyici qurğusunda bəzi vaxtlarda xlorlanmanın düzgün aparılmaması, Şüvəlan təmizləyici qurğularında isə hələ ki, rekonstruksiya işlərinin tam başa çatdırılmamasıdır.
Sumqayıt şəhəri 5-ci mikrorayon, Corat, Novxanı, Fatmayi, Goradil, habelə Zirə, Türkan çimərliklərindən götürülmüş dəniz suyu nümunələrində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarı norma daxilində müəyyən edilib. Aparılmış mikrobioloji tədqiqatların nəticələrinə görə, nümunələr çirkli və zəif çirkli olmaqla, bağırsaq çöpü bakteriyalarının sayı normadan artıqdır.
Hövsan Aerasiyası, Naximov və Xanlar qəsəbələri, Zığ təmizləyici qurğularının quraşdırıldığı ərazilər, Şıx sanatoriyası, Qaradağ rayonu Sahil çimərliyi, Qırımızı göl və Qaz Emalı Zavodunun qarşısındakı ərazilərdən, axarların dənizə qovuşduğu yerdən götürülən su nümunələrində bəzi kimyəvi komponentlər az miqdarda normadan artıq müəyyən olunub. Aparılmış mikrobioloji tədqiqatlar zamanı nümunələrin çirkli, bağırsaq çöpü bakteriyalarının sayının isə normadan artıq olduğu müəyyənləşib.
Azərbaycan yanvar-iyun aylarında gömrük vergi və rüsumlarının tolanmasını 54% artırıb
Cari ilin yanvar-iyun ayları ərzində Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən 563,81 mln. manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb. Bu barədə DGK-dan məlumat verilib.
Cari ilin birinci yarımilliyində DGK tərəfindən proqnoz 0,32% artıqlaması ilə yerinə yetirilib.
Hesabat dövründə dövlət büdcəsinə köçürülmüş gömrük vergi və rüsumları 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 197,17 mln. manat və ya 53,78% çoxdur.
Qeyd edək ki, 2008-ci ildə 1,1 mlrd. manat həcmində gömrük vergi və rüsumlarının toplanması proqnozlaşdırılır.
Gələn Azərbaycan Rusiyadan daha 10 metro vaqonu alacaq
Bakı Metropoliteninin Mıtişşinin «Metrovaqonmaş» ASC (Rusiya) ilə imzaladığı müqaviləyə əsasən, cari ilin avqust ayının 5-6-da Azərbaycana daha 10 metro vaqonu gətiriləcək. Bu barədə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov məlumat verib.
T.Əhmədovun sözlərinə görə, müqaviləyə əsasən, bu il ərzində Bakı Metropoliteni «Metrovaqonmaş»dan 36 metro vaqonu almalıdır. Artıq bunlardan 10-u Azərbaycana gətirilib.
Müqavilənin ümumi dəyəri 31 mln. dollar təşkil edir.
Müqaviləyə uyğun olaraq, 10 vaqonun Bakı Metropoliteninin yaranmasının 41 illiyində – noyabrın 8-də, qalan 6 vaqonun isə dekabr ayında Azərbaycana gətirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Bakı Metropoliteni 20 stansiyadan ibarətdir.
Sabah Bakıda Azərbaycan-Çexiya biznes-forumu keçiriləcək
İyulun 4-də Bakıda Azərbaycan-Çexiya biznes-forumu keçiriləcək. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) məlumat verilib.
Çexiyanın xarici işlər naziri Karl Şvarsenenbergin Bakıya rəsmi səfəri çərçivəsində keçirilən biznes-forum Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə «Azpromo» tərəfindən təşkil olunur.
Çexiya tərəfindən tədbirdə dövlət rəsmiləri ilə yanaşı 10-dan artıq iri şirkətin rəhbərləri və nümayəndələrinin iştirakı nəzərdə tutulub. Çexiya iş adamları əsasən enerji, tikinti, sənaye, mühəndislik, maliyyə, İT və s. sektorları təmsil edəcək. Tədbir zamanı iki ölkənin iş adamları arasında ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.
Tədbirdə «Azpromo»nun investisiyaların təşviqi üzrə direktoru Anar Quliyev Azərbaycanda investisiya mühiti və biznes imkanları, Çexiyanın MDB ölkələri üzrə Ticarət və Sənaye Palatasının icraçı direktoru Frantişek Masopust isə Çexiya iqtisadiyyatı və investisiya imkanları barədə təqdimatlarla çıxış edəcəklər.
Forumda Çexiyanın «Aero Trade», ATS, «Energo-PRO Group», «MAVEL», «Czech Tourism», «Eximbank»ın və s. şirkətlərin nümayəndələri qatılacaqlar.
Bakı-Gürcüstan sərhədi avtomobil magistralında daha bir dairəvi yolun yenidən qurulması iyulun sonunda başa çatacaq
Bu ilin iyul ayının sonunda Bakı-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir dairəvi hissəsində yenidənqurma işləri başa çatdırılacaq. Bu barədə «Azəryolservis» ASC-dən məlumat verilib.
Hacıqabul-Kürdəmir hissəsinə düşən Kürdəmir dairəvi yolunun uzunluğu 11,6 km-dir, yol II texniki dərəcəli və iki hərəkət zolaqlıdır. Magistralda yenidənqurma işləri İtaliyanın «Todini» şirkəti tərəfindən aparılır. Yolun üzərindəki kommunikasiyalar qurulub, borular dəyişdirilib, torpaq işləri başa çatıb. Hazırda yolun asfalt örtüyünün alt qatı hazırlanır.
Xatırladaq ki, 85,6 km-lik Hacıqabul-Kürdəmir yolunun 75 km-lik, 2 zolaqlı hissəsi 2007-ci ilin dekabr ayında istismara verilib.
Qeyd edək ki, layihə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilir. Layihənin maliyyələşdirilməsinə dair kredit sazişi 2004-cü il iyulun 22-də imzalanıb. AYİB bu məqsədlə Azərbaycan hökumətinə illik Libor+1% dərəcəsi ilə 41 mln. ABŞ dolları məbləğində (ilk 3 ili güzəştli olmaqla, 15 il müddətinə) kredit ayırıb.
Bakı Banklararası Valyuta Birjasının dövriyyəsi iyun ayında 2,3 dəfə artıb
BBVB-nin informasiya-analitik şöbəsindən verilən məlumata görə, hesabat dövründə BEST sistemində orta gündəlik dövriyyə 2,5 dəfə artaraq 23,11 mln. dollara çatıb. Qeydə alınan hər əqdin orta həcmi isə iyunda 2,762 mln. dollara, bundn bir ay öncə isə 1,507 mln. dollara bərabər olub.
Beləliklə, BBVB-nin 15 illik fəaliyyəti ərzində 2008-ci ilin iyun ayı valyuta bölməsinin həcm göstəricisi yalnız 2006-cı ilin dekabr göstəricisindən geri qalır. Belə ki, 2006-cı ilin dekabrında tarixi maksimum qeydə alınıb və bu həcm 378,664 mln. dollar təşkil edib.
Bununla bərabər, ötən ilin müvafiq ayı ilə müqayisədə birjanın xarici valyutalar üzrə aylıq dövriyyəsi 2 dəfə artıb. Ümumilikdə isə 2008-ci ilin yanvar-iyun ayları ərzində BBVB-nin valyuta bölməsinin məcmu dövriyyəsinin həcmi 1 215 mln. manata və yaxud 1 464 mln. dollara bərabər olub. Bu isə keçən ilin ilk yarısı ilə müqayisədə 2,15 dəfə çoxdur.
Qeyd edək ki, bu ilin iyun ayında BBVB-nin valyuta bölməsində keçirilən hərracların ən fəal iştirakçısı (ümumi dövriyyədə xüsusi çəkisinə görə) «Bank Standard» (30,06%), Azərbaycan Beynəlxalq Bankı (10,96%), «UniBank» (8,37%), «Kapitalbank» (2,68%) və «Texnikabank» (2,62%) olub.
Azərbaycan valyutasının məzənnəsi iyun ayında 1,06% möhkəmlənib
BBVB-dən verilən məlumata görə, hesabat ayında milli valyutanın dollara qarşı ortaölçülü məzənnəsi 0,8156 AZN/1 USD-yə bərabər olub. May ayında isə bu göstərici 0,8253 AZNAZN/1 USD təşkil edib.
Məlumat üçün bildirək ki, son bir il ərzində manatın dollara qarşı ortaölçülü birja məzənnəsi 3,51%, cari ilin əvvəlindən isə 4,59% möhkəmlənib.
Qeyd edək ki, 2008-ci ilin iyun ayında BBVB-nin valyuta bölməsində bağlanan əqdlərin ümumi həcmi 358,131 mln. manat və ya 439,087 mln. dollar təşkil edib. Bu isə may ayı ilə müqayisədə 2,32 dəfə çoxdur. Hesabat dövründə orta gündəlik dövriyyə 2,5 dəfə artaraq 23,11 mln. dollara çatıb. Qeydə alınan hər əqdin orta həcmi isə iyunda 2,762 mln. dollara, bundan bir ay öncə isə 1,507 mln. dollara bərabər olub.
Gələn ildən Azərbaycanda uşaq bağçaları, peşə, orta ixtisas və ali təhsil məktəbləri İnternetə qoşulacaq
Azərbaycan Təhsil Nazirliyi ölkə prezidentinin bu yaxınlarda təsdiqlədiyi «2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı»nın icrasına bu il 8 mln. manat sərf etməyi nəzərdə tutur.
Təhsil Nazirliyi təhsilin idarə olunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov bildirib ki, proqramın ilk ilində Bakı, Sumqayıt məktəblərinin İnternetə qoşulması, vahid DATA Mərkəzinin yaradılması, treninqlərin keçirilməsi, elektron resursların hazırlanması istiqamətində işlər görüləcək.
Proqramın ikinci ilində, yəni 2009-cu ildə bu işlərin əhatə dairəsi genişləndiriləcək. Həmin ildə regionlardakı orta məktəblərlə yanaşı, təhsilin digər pillələri üzrə olan təhsil müəssisələrinin - məktəbəqədər təhsil müəssisələri, peşə, orta ixtisas və ali məktəblərin İnternetə qoşulması üçün tədbirlərin həyata keçirilməsinə başlanacaq.
Nazirliyin apardığı təxmini hesablamalara görə, 2009-cu ildə bu işlərin görülməsinə 20 mln. manat vəsait tələb olunur.
Qeyd edək ki, hazırda bu proqramın icrası üçün tədbirlər planı hazırlanır.


