Xos gelmisiniz!!!

 Hər kəsin insan haqları qorunmalıdır! : Azərbaycan prezidenti Corc Buşu təbrik edib
Reklam verin!
Yuma Ailə Jurnalı

Azərbaycan prezidenti Corc Buşu təbrik edib

Yazar: Intigam @ İyul 3, 2008 18:50

               S i y a s ə t

                     

·  Azərbaycan prezidenti Corc Buşu təbrik edib

·  Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü başlayıb

·  Bakıda Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü başa çatıb

·  Dmitri Medvedev: “Azərbaycan bizim Qafqazda strateji tərəfdaşımızdır”

·  Azərbaycan təbii qazının Rusiyaya satışına dair danışıqlar barədə razılıq əldə olunub

·  Azərbaycanla Rusiya arasında dostluq və strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb

·  YAP Siyasi Şurası Nursultan Nazarbayevə təbrik məktubu göndərib

·  Astanada dövlət başçılarının qeyri-formal sammiti olacaq 

·  BRİ Bakı ofisinin direktoru ADP sədri ilə görüşüb

·  Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana səfəri başlayıb

·  ATƏT sədri və Ermənistanın xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinin

nizamlanması prosesini müzakirə ediblər

·  Joao Suares ATƏT Parlament Asssambleyasının prezidenti seçilib

·  Elnur Aslanov: “Dmitri Medvedevin səfəri nəticəsində Azərbaycan-Rusiya münasibətləri yeni səviyyəyə yüksələcək”

·  Elnur Aslanov: “ Həbsdə olanlar jurnalist fəaliyyətlərinə görə deyil, törətdikləri cinayət əməllərinə görə həbsdədirlər” ( Yaziq )

·  Əli Əhmədov ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisinin rəhbərini qəbul edib

·  Çexiyanın xarici işlər naziri Karel Şvartsenberq bu gün Bakıya gəlir

·  AŞ PA prezidenti Luis Maria de Puç Qubada aşkarlanan kütləvi məzarlığa baş çəkib

·  Araz Əlizadə: “Ayaz Mütəllibovun prezidentliyə namizədliyinin irəli sürülməsi hələ müzakirə mövzusu deyil”

·  Ermənilər növbəti dəfə atəşkəsi pozublar

Azərbaycan prezidenti Corc Buşu təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin prezidenti Corc Buşa təbrik məktubu göndərib. Prezidentin mətbuat xidmətindən daxil olan məlumata görə, prezident amerikalı həmkarını və xalqını təbrik edib: “Amerika Birləşmiş Ştatları dünyada sülhün, sabitliyin bərqərar olması naminə daim ardıcıl səylər göstərir, bəşəriyyət üçün təhlükə mənbəyi olan beynəlxalq terrorizmə qarşı mübarizənin önündə gedir. Biz bu işdə Birləşmiş Ştatların yanındayıq və hər zaman öz töhfəmizi verməyə hazırıq.
Bu gün Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər strateji xarakter daşıyaraq, müvəffəqiyyətlə inkişaf etməkdədir. Bir çox sahələrdə, xüsusən də enerji təhlükəsizliyi məsələlərində ölkələrimizin sıx əməkdaşlığı, həyata keçirdiyimiz irimiqyaslı transmilli layihələrdə ABŞ-ın yaxından iştirakı və dəstəyi bizim üçün çox əhəmiyyətlidir.
Biz eyni zamanda Azərbaycanın Avroatlantik strukturlarına inteqrasiyasına, ölkəmizdə demokratik təsisatların inkişafına Birləşmiş Ştatların maraq və yardımından məmnunluq duyuruq.
Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri olan Amerika Birləşmiş Ştatlarının ardıcıl səylərini biz yüksək qiymətləndirir, Ermənistanın təcavüzünə son qoyulacağına və işğal edilmiş torpaqlarımızın tezliklə azad ediləcəyinə böyük ümidlər bəsləyirik”.

Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü başlayıb

Azərbaycan və Rusiya prezidentləri arasında təkbətək görüş başlayıb. Məlumata görə, danışıqlardan əvvəl Azərbaycan prezidentinin rəsmi iqamətgahında rəsmi qarşılanma mərasimi keçirilib.
Fəxri qarovul önündən keçən dövlət başçıları nümayəndə heyətlərinin üzvlərini bir-birinə təqdim ediblər. İqamətgahın foyesində birgə şəkil çəkdirdikdən sonra dövlət başçıları arasında təkbətək görüş başlayıb. Görüş daha sonra nümayəndə heyətlərinin iştirakı ilə davam etdiriləcək.

Bakıda Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü başa çatıb

Azərbaycan və Rusiya prezidentləri arasında təkbətək görüş başa çatıb. Bu barədə Prezidentin mətbuat xidmətindən məlumat verilib. Hazırda görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilir.
Danışıqlar başa çatdıqdan sonra iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair sazişlər imzalanacaq. İmzalanacaq sənədlər arasında Azərbaycanla Rusiya arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə də var. Sənədlərin imzalanması mərasimindən sonra prezidentlərin mətbuat nümayəndələri üçün birgə brifinq keçirməsi nəzərdə tutulur.

Dmitri Medvedev: “Azərbaycan bizim Qafqazda strateji tərəfdaşımızdır”

“Ümidvaram ki, Azərbaycana səfərim son dərəcə uğurlu keçəcək. Ölkələrimiz arasında münasibətlər pozitiv istiqamətdə inkişaf edir”. Bu fikirləri Bakıda səfərdə olan Rusiya prezidenti Dmitri Medvedev nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən danışıqlarda söyləyib.
O, Azərbaycanı Rusiyanın Qafqazda strateji tərəfdaşı adlandırıb: “Azərbaycan Qafqazda bizim strateji tərəfdaşımızdır. Ölkələrimizi uzun əsrlər boyu davam edən dostluq telləri birləşdirir. Əməkdaşlığımızın xüsusi xarakter daşıması müxtəlif problemlərin həllinə kömək edir”. İki ölkə arasında ticarət dövriyyəsinin həcminin 2 milyard dollara çatdığını vurğulayan Rusiya prezidenti təkcə bu ilin ilk dörd ayında 50 faizlik artım qeydə alındığını bildirib: “Biz artıq Azərbaycan prezidenti ilə iqtisadi-ticari, humanitar sahələrdə mühüm, mürəkkəb və ciddi məsələləri müzakirə etmişik”. Dmitri Medvedev danışıqların sonunda tərəflərin ikitərəfli əməkdaşlığı ehtiva edən bir sıra mühüm sənədlərin imzalanacağını bildirib.

Azərbaycan təbii qazının Rusiyaya satışına dair danışıqlar barədə razılıq əldə olunub

Azərbaycan təbii qazının Rusiyaya satışına dair danışıqlar barədə razılıq əldə olunub. Bunu Azərbaycanda səfərdə olan Rusiya prezidenti Dmitri Medvedevi müşayiət edən “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller deyib.
O, alınacaq qazın həcmi və qiyməti barədə məlumat verməyərək bildirib ki, “Qazprom” maksimum həcmdə və bazar qiymətləri əsasında Azərbaycan qazını almağa hazırdır.
Qeyd edək ki, “Qazprom” bu ilin iyun ayında Azərbaycan qazını almaq niyyətini rəsmi Bakıya çatdırmışdı.

Azərbaycanla Rusiya arasında dostluq və strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Dmitri Medvedyev iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar.
Məlumata görə, bəyannamədə bildirilir ki, Azərbaycan və Rusiya hərbi və hərbi-texniki əməkdaşlığı möhkəmlətmək və genişləndirmək niyyətindədir: “Hər iki tərəf öz ərazisində ona məxsus təşkilat, idarə, kompaniya və digər təsərrüfat subyektləri tərəfindən digər ölkənin suveren hüquqlarına zərər vuran fəaliyyətlə məşğul olmağa imkan verməyəcək»”. Bəyannamədə həmçinin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının qorunması prinsipləri əsasında həllinə dair bənd yer alıb. Sənəddə dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın işindən razılıq ifadə olunur və danışıqlar prosesinin yaxın zamanda yekunlaşması və müvafiq dövlətlərarası sənədin imzalanması arzu olunur. Tərəflər həmçinin Xəzəryanı ölkələri dənizin dibinin bölünməsinə dair Azərbaycan, Rusiya və Qazaxıstan arasında imzalanmış sazişə bənzər razılaşma imzalamağa çağırıblar. Bundan başqa iki ölkənin xarici siyasət idarələri arasında arxiv işinin təşkili, Daxili İşlər Nazirlikləri arasında tranzit yüklərin mühafizəsinin təşkili, Rusiya Federal Gömrük Xidməti və Azərbaycan Dövlət Gömrük Xidməti arasında gömrük hüquqpozmalarına qarşı mübarizə haqqında dövlətlərarası sazişlər və Rusiya Dövlət Əmlakının İdarə Olunması üzrə Federal Agentliyi ilə Azərbaycanın Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsi arasında dövlət əmlakının özəlləşdirilməsi və idarə olunması sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.

 

YAP Siyasi Şurası Nursultan Nazarbayevə təbrik məktubu göndərib

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası Qazaxıstan prezidenti Nursultan Nazarbayevə ölkənin paytaxtı Astana şəhərinin salınmasının 10-cu ildönümü münasibətilə təbrik məktubu göndərib. YAP mətbuat xidmətindən  verilən məlumata görə, məktubda Astana şəhərinin salınmasının tarixi hadisə olduğu qeyd olunub və ölkənin inkişafında N. Nazarbayevin fəaliyyəti təqdir edilib. Məktubda iki ölkə arasındakı çağdaş əlaqələrə də toxunulub və Azərbaycanla Qazaxıstanın qədim əlaqələrə malik olduğu diqqətə çatdırılıb.

 

Astanada dövlət başçılarının qeyri-formal sammiti olacaq

İyulun 5-6-da Astana şəhərinin Qazaxıstanın paytaxtı elan olunmasının 10 illiyi münasibətilə təntənəli tədbirlər keçiriləcək. Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, tədbirlərə Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Ermənistan, Qırğızıstan, Tacikistan prezidentləri və İordaniya kralı dəvət olunub.


BRİ Bakı ofisinin direktoru ADP sədri ilə görüşüb

Beynəlxalq Respublikaçılar İnstitutunun (BRİ) Bakı ofisinin direktoru Ceyk Cons ADP sədri Sərdar Cəlaloğlu ilə görüşüb. ADP mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı ölkədəki ictimai-siyasi vəziyyət və seçkiqabağı situasiya ətrafında fikir mübadiləsi aparılıb. C. Cons seçki kampaniyası dövründə ADP ilə əməkdaşlığı davam etdirmək niyyətində olduqlarını bildirib. ADP sədri isə təmsil etdiyi partiyanın seçkilərə hazırlıq vəziyyəti, görülən işlər və qarşıda duran vəzifələr haqqında qarşı tərəfi məlumatlandırıb. S. Cəlaloğlu bildirib ki, seçki ilində ADP-nin BRİ ilə əməkdaşlığının partiya üçün səmərəli olacağına ümid edir. Görüşdə ADP funksionerləri və üzvləri üçün seçkilərlə bağlı treninq və seminarların keçirilməsi üçün razılıq da əldə edilib.

Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana səfəri başlayıb 
 

Rusiya prezidenti Dmitri Medvedyev bu gün Azərbaycana rəsmi səfərə gəlib. Heydər Əliyev beynəlxalq hava limanında Rusiya prezidentinin təntənəli qarşılanma mərasimi keçirilib. Qeyd edək ki, iki gün davam edəcək səfər çərçivəsində Dmitri Medvedyevin Azərbaycan prezidenti ilə təkbətək görüşü nəzərdə tutulur.
Daha sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdiriləcək. Danışıqlarda sonra Azərbaycanla Rusiya arasında müxtəlif sahələrdə əməkdaşlığa dair bir sıra dövlətlərarası sənədlərin imzalanması nəzərdə tutulur. Rusiya prezidentinin Azərbaycanda keçirdiyi görüşlərdə əsasən iki ölkə arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi nəzərdə tutulur. Danışıqlarda Xəzər dənizinin beynəlxalq-hüquqi statusu və dənizdə təhlükəsizliyin təmin olunması məsələsi də müzakirə olunacaq. Görüşdə İran probleminə toxunulacağını da istisna edilmir. Prezidentlər həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli barədə də fikir mübadiləsi aparacaqlar. Dmitri Medvedyev həmçinin Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edəcək, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri ilə görüşəcək, Heydər Əliyev Fondu ilə tanış olacaq. Danışıqların yekununda iki ölkə başçısı Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq və strateji partnyorluq haqqında Bəyannamə, xarici siyasət və daxili işlər nazirlikləri arasında əməkdaşlığa, mülkiyyət və gömrük sahələrində əməkdaşlığa dair sənədlərin imzalanacağı gözlənilir. Konfessiya rəhbərləri ilə görüşdə konfessiyalararası münasibətlərə xüsusi diqqət yetiriləcək, dünya dinində islamın rolu, beynəlxalq terrorizmlə mübarizədə dövlətlə dinin əməkdaşlığı məsələləri müzakirə olunacaq. Rusiya prezidentini Azərbaycana səfərdə xarici işlər naziri, daxili işlər naziri, enerji naziri, Rusiyanın bir sıra regionlarının rəhbərləri, Federal Gömrük Xidmətinin və Dövlət Əmlakının İdarə Olunması Federal Agentliyinin rəhbərləri müşayiət edəcəklər. Nümayəndə heyətinə həmçinin “LUKOYL”, “Qazprom”, “Alfa-bank”, “Vneştorqbank” və Rusiya Dəmir Yollarının rəhbərləri daxildir. Dmitri Medvedyev Bakıdan Aşqabada, oradan Astana və Tokioya səfər edəcək.

 

ATƏT sədri və Ermənistanın xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə ediblər

Finlandiyada səfərdə olan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stabbla görüşüb. Görüşdə həmçinin ATƏT sədrinin xüsusi nümayəndəsi Heyki Talvitiye də iştirak edib. Görüşdə ATƏT regionunda baş verən proseslər, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunub. Tərəflər həmçinin ölkələr arasında ikitərəfli münasibətləri, Avropa Qonşuluq Siyasəti proqramını, Şərq Tərəfdaşlığı təşəbbüsünü müzakirə ediblər.

Joao Suares ATƏT Parlament Asssambleyasının prezidenti seçilib
 

ATƏT Parlament Assambleyasının Astanada keçirilən yay sessiyasında qurumun yeni prezidenti seçilib. Qoran Lenmarkeri bu postda portuqaliyalı Joao Suares əvəzləyəcək. O, yeni posta bir il müddətinə seçilib.
2002-ci ildən etibarən Portuqaliyanın ATƏT-dəki daimi nümayəndəliyində çalışan Joao Suares 2006-cı ildən etibarən qurumun vitse-prezidenti vəzifəsini icra edir. O, həmçinin ATƏT Parlament Assambleyasının Bürosunun üzvüdür. ATƏT PA prezidenti postuna seçildikdən sonra nümayəndələr qarşısında çıxış edən Joao Suares təşkilatın əsas prioritet istiqamətlərini açıqlayıb: “Təşkilatın əsas fəaliyyət istiqamətləri ATƏT regionunda bütün münaqişələrin həllinə dair iştirakçı ölkələr arasında inklüziv dialoq imkanlarının yaradılmasıdır”. Qeyd edək ki, ATƏT PA-nın yeni prezidenti əvvəllər qurumun müşahidə missiyalarının tərkibində dəfələrlə Azərbaycana səfər edib.

 

Elnur Aslanov: “Dmitri Medvedevin səfəri nəticəsində Azərbaycan-Rusiya münasibətləri yeni səviyyəyə yüksələcək”

“Son vaxtlar Azərbaycanla Rusiya arasında xüsusi siyasi və iqtisadi münasibətlər yaranıb. Əslində 2000-ci ildən sonra bu münasibətlərdə istiləşmə meylləri nəzərəçarpacaq qədər idi”. Bu sözləri Prezidentin İcra Aparatının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana səfərinə münasibət bildirərkən deyib. O, ölkələr arasında münasibətlərin inkişafına təsir edən əsas amilin Rusiya ilə Azərbaycanı bağlayan tarixi tellər olduğunu vurğulayıb: “Eyni zamanda qarşılıqlı münasibətlər mədəni aspektlərə də əsaslanır və iki xalq arasında münasibətlərin daha hərarətli olmasına şərait yaradır. Bu gün Rusiyada çoxlu sayda azərbaycanlının yaşaması və çalışması isə ikitərəfli əlaqələrə təsir göstərən digər amildir”. E. Aslanov Azərbaycanla Rusiya arasında son illər ticarət dövriyyəsinin həcminin artdığını və hazırda 1 milyard 500 milyon dollar təşkil etdiyini, Rusiyanın Azərbaycanın xarici ticarətində Türkiyədən sonra ikinci yeri tutduğunu söyləyib: “Onu da nəzərdən çıxarmaq olmaz ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir və Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verir. Rusiya ilə Azərbaycan arasında son illər strateji tərəfdaşlıq münasibətləri yaranıb. Biz əminik ki, səfər iki ölkə arasında münasibətlərin daha intensiv şəkildə inkişaf etməsinə şərait yaradacaq”. E. Aslanov səfərin nəticəsi olaraq Rusiya-Azərbaycan münasibətlərinin yeni səviyyəyə yüksələcəyinə inandığını deyib.

 

Elnur Aslanov: “ Həbsdə olanlar jurnalist fəaliyyətlərinə görə deyil, törətdikləri cinayət əməllərinə görə həbsdədirlər”

“Azərbaycan seçkilərin tam şəffaf, açıq və demokratik keçəcəyini dəfələrlə bəyan edib və bunun üçün tam hazırlıqlar gedir”. Bunu Prezidentin İcra Aparatının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri Elnur Aslanov AŞ PA prezidentinin Azərbaycanda həbsdə olan 3 jurnalistin seçkilərə qədər azad edilməyəcəyi təqdirdə qurumun siyasi məhbus məsələləri üzrə xüsusi məruzəçisinin təyin olunmasının reallığı ilə bağlı söylədiklərinə münasibət bildirərək deyib. E. Aslanov qeyd edib ki, Azərbaycan dəfələrlə bəyan edib ki, ölkədə prezident seçkiləri demokratik normalara əsaslanaraq keçiriləcək, bunun üçün lazım olan şərait də yaradılıb: “ Jurnalistlərin məsələsinə gəldikdə, onlar cinayət məsuliyyətinə cəlb ediliblər və bu məsələyə Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun baxılıb. Onlar konkret olaraq törətdikləri cinayətə görə həbs ediliblər. Bunun bu şəxslərin jurnalist fəaliyyətin ilə heç bir əlaqəsi yoxdur. Bir neçə gün əvvəl mən Londonda idim, orda da mənə Azərbaycanda üç jurnalistin narkotik maddə daşıma, xuliqanlıq və terror maddələri ilə həbs olunduqlarını söylədilər. Mən də onlara adekvat bir sual verdim: “Məgər başqa ölkələrdə bu cinayətlərdə ittiham olunanlar həbs edilmirlər?” Azərbaycanda həbsdə olan insanlar jurnalist fəaliyyətlərinə görə deyil, bilavasitə törətdikləri cinayət əməllərinə görə həbsdədirlər”.

 

Əli Əhmədov ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisinin rəhbərini qəbul edib

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun (BRİ) Bakı ofisinin rəhbəri Ceyk Consu qəbul edib. YAP mətbuat xidmətindən verilən məlumata görə, görüşdə BRİ ilə YAP arasında əməkdaşlığa dair bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. C. Cons təmsil etdiyi qurumun YAP-la qarşılıqlı əlaqələri daha da genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb. Ə. Əhmədov isə BRİ-nin YAP-la birgə həyata keçirdiyi layihələrin partiya işinin daha da təkmilləşdirilməsində əhəmiyyətli rol oynadığını söyləyib və təşkilatlar arasında əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə əmin olduğunu bildirib.

Çexiyanın xarici işlər naziri Karel Şvartsenberq bu gün Bakıya gəlir

Çexiyanın xarici işlər naziri Karel Şvartsenberq bu gün Azərbaycana səfər edəcək. Məlumata görə, XİN başçısı üç günlük səfər çərçivəsində prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, müdafiə naziri Səfər Əbiyev, daxili işlər naziri Ramil Usubovla görüşəcək.
Bu müddətdə Çexiya və Azərbaycan xarici siyasət idarələri arasında bir sıra sənədlərin imzalanması nəzərdə tutulur. Karel Şvartsenberq Bakıda keçiriləcək Azərbaycan-Çexiya biznes forumun açılışında iştirak edəcək, Bakının tarixi abidələri, o cümlədən İçərişəhərlə tanış olacaq.

 

AŞ PA prezidenti Luis Maria de Puç Qubada aşkarlanan kütləvi məzarlığa baş çəkib

Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının prezidenti Luis Maria de Puç şimal bölgəsində səfərdədir. AŞ PA prezidentini səfərdə Milli Məclisin spikeri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti müşayiət edir. Luis Maria de Puç ilk öncə Qubanın “Qırmızı qəsəbə” yaşayış məntəqəsində fəaliyyət göstərən sinaqoqa baş çəkib, qəsəbədə yaşayan yəhudi icmasının üzvləri ilə görüşüb. Daha sonra qonaq Qubada ermənilərin əsrin əvvəllərində vəhşiliklə qətlə yetirdikləri insanların basdırıldığı kütləvi məzarlığa baş çəkib. Burada AŞ PA prezidentinə azərbaycanlılara qarşı törədilən soyqırımı barədə məlumat verilib, məzarlıqdan çıxarılan cəsədlərin nümunələri göstərilib. Luis Maria de Puçun Şimal bölgəsinə səfəri davam edir.

 

Araz Əlizadə: “Ayaz Mütəllibovun prezidentliyə namizədliyinin irəli sürülməsi hələ müzakirə mövzusu deyil”

Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) prezident seçkisi ilə bağlı mövqeyinə yaxın günlərdə aydınlıq gətirəcək. ASDP həmsədri Araz Əlizadə bildirib ki, partiyanın Mərkəzi Komitəsinin yığıncağında seçkidə fəaliyyət istiqamətləri barədə qərar qəbul olunacaq: “Partiyanın həmsədri Ayaz Mütəllibovun prezidentliyə namizədliyinin irəli sürülməsi hələ müzakirə mövzusu deyil. Bu barədə hələlik heç nə deyə bilmərəm”. ASDP həmsədri seçki zamanı heç bir blokda təmsil olunmayacaqlarını də vurğulayıb.

Ermənilər növbəti dəfə atəşkəsi pozublar

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 2-də saat 16.30-dan 16.40-dək və saat 17.45-dən 17.55-dək Ermənistanın Berd rayonunun Çinarlı və Noyenberyan rayonunun Vazaşen kəndləri ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam kəndi və Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumata görə, ermənilər dünən saat 16.25-dən 16.45-dək isə Füzuli rayonunun Qorqan kəndi yaxınlığında yerləşən mövqelərindən, iyulun 3-də saat 01.35-dən 01.55-dək və saat 05.40-dan 06.00-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdən və Kuropatkino kəndində yerləşən mövqelərdən Azərbaycan ordusunun üzbəüz mövqelərini atəşə tutublar. Ermənistan Silahlı Qüvvələri həmçinin saat 02.49-dan 02.55-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşilə susdurulub, itki yoxdur.

Siyasət | Şərhlər(0)
Baxış sayı: 80
Açar sözlər:
Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha