MİRZƏ SAKİTƏ MƏXSUS DƏRMANLARI ONA VERMİRLƏR
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu PRESS-RELİZ 02 Iyun 2008-ci il
R A T İ
Bakı, Azərbaycan
MİRZƏ SAKİTƏ MƏXSUS DƏRMANLARI ONA VERMİRLƏR
“Azadlıq” qəzetinin həbsdə olan əməkdaşı, satirik jurnalist Mirzə Sakitə dərmanları vaxtında qəbul etməyə imkan vermirlər. Onun ABŞ-dan göndərilən dərmanları qəbul etməsi süni olaraq həbsxana rəhbərliyi tərəfindən yubadılır. Bu haqda RATİ-yə məlumatı bu gün (02 iyun) jurnalistlə görüşən həyat yoldaşı Rəna Zahidova verib.
“Sakitin vəziyyəti yaxşı deyil. Onun ayaqlarında və ürəyində ağrılar var. Türmə rəisindən narazıdır. Özünün Xələcdə yerləşən Cəzaçəkmə Müəssisəsinə köçürülməsi üçün Ədliyyə naziri Fikrət Məmmədova, İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudova, Prezident Aparatına, Ombudsmana, Milli Məclisə, Milli Təhlükəsizlik Nazirliyinə müraciət yazsa da, dəfələrlə bu müraciət rəhbərlik tərəfindən alınaraq cırılıb. Sakit bu müraciətlə canını rəisdən qurtarmaq istəyir. Çünki rəis onun cəzasının uzadılması üçün əlindən gələni edir. Bu isə yəqin ki, ona yuxarılardan tapşırılıb” - deyə Zahidova vurğulayıb.
Zahidovanın sözlərinə görə Sakit üçün aparılan qəzetlər də ona verilmir.
JURNALİST MÜŞFİQ HÜSEYNOVUN ADI AŞPA-NIN SİYASİ MƏHBUSLAR SİYAHISINDADIR
“Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovun adı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) xəstə siyasi məhbuslar siyahısına daxil edilib. “Bizim yol” qəzetinin bu günkü sayında verilən məlumata görə bunu jurnalistlərlə söhbətində AŞPA-nın yay sessiyasından qayıdan hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib. Hüquq müdafiəçisi Hüseynovun həbsində siyasi motivlərin olduğunu və buna görə də onun adının siyahıya salındığını vurğulayıb.
Xatırladaq ki, Müşfiq Hüseynov Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hakimi Camal Ramazanovun 21 yanvar 2008-ci il tarixdə çıxardığı qərarla 6 il müddətinə azadlıqdan və 2 il müddətinə isə jurnalist fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilmişdi. Apellyasiya Məhkəməsi isə yalnız jurnalistə verilən 6 il cəzanı 5 illə əvəz edib.
Hüseynov vərəm xəstəliyindən əziyyət çəkir, onun öhdəsində iki azyaşlı uşaq var.
AŞPA PREZİDENTİ AVROPA ŞURASINA ÜZV ÖLKƏDƏ JURNALİSTLƏRİN HƏBSİNİN YOLVERİLMƏZ OLDUĞUNU BİLDİRİB
Bu gün (02 iyul) Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Luis Mariya de Puç Avropa Şurasının Azərbaycandakı nümayəndəliyində jurnalistlər üçün brifinq keçirib. Azərbaycanda jurnalistlərin həbsdə olması ilə bağlı suala cavabında Luis Mariya de Puç Avropa Şurasının üzv-dövlətlərində jurnalistlərin həbsinin yolverilməz olduğunu bildirib. O AŞPA-nın Azərbaycanla bağlı qəbul etdiyi son qətnamədə həm jurnalistlərin, həm də humanitar əsaslarla digər siyasi məhbusların dərhal azad edilməsinin tələb olunduğunu xatırladıb.
AŞPA prezidenti Azərbaycan hakimiyyətinin siyasi məhbuslarla bağlı öz iradəsini göstərməyəcəyi təqdirdə sentyabr ayında siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin oluna biləcəyini vurğulayıb: “Azərbaycan insan haqları, demokratiya standartlarına inteqrasiya etməsə, götürdüyü öhdəliklərə əməl etməsə sərt sanksiyalarla üzləşə bilər.”
“Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin məcburi olaraq məhkəməyə gətirilməsi barədə çıxarılan qərarla bağlı verilən sualı cavablandıran de Puç bu məsələnin detalları ilə yaxından tanış olmadığını söylədi.
Luis Mariya de Puç bu səfərinin nəticəsiz qalmayacağına ümid etdiyini də bildirdi.
DAXİLİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT XİDMƏTİNİN RƏHBƏRİ “ƏMƏKDAR JURNALİST” FƏXRİ ADINA LAYİQ GÖRÜLÜB
Prezident İlham Əliyev dünən (01 iyul) Azərbaycan polisinin yaranmasının 90 illiyi ilə əlaqədar Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşına fəxri adların verilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən DİN-in mətbuat xidmətinin rəhbəri polis polkovniki Sadiq Gözəlov və xidmətin digər əməkdaşı Cavid Xaspoladov “Azərbaycan Respublikasının əməkdar jurnalisti” fəxri adına layiq görülüblər. Sərəncam bu gün rəsmi dövlət qəzetlərində dərc edilib.
Qeyd edək ki, Azərbaycanda 2 iyul tarixi 1998-ci ildən polis günü kimi rəsmiləşdirilib.



